İQTİSADİYYAT


Bu gün Azərbaycan və Gürcüstan dünyanın enerji təminatında mühüm rol oynayırlar

Tbilisi, 29 may, AZƏRTAC

Gürcüstan Texniki Universitetində (GTU) Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin 104-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin məsul əməkdaşları, universitetin rəhbərliyi, azərbaycanlı və gürcü elm adamları, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

GTU-nun rektoru professor David Qurgenidze çıxış edərək tarixən dost və qardaş olan Azərbaycan və gürcü xalqlarının oxşar talelərindən və müstəqillik mübarizəsindən, bu yolda qazandıqları uğurlardan söz açıb. Bildirib ki, hər iki dövlət müstəqilliyini əldə etdikdən sonra qısa zaman ərzində çox mühüm işlər görüblər. Bunlardan biri də təhsil sahəsində atılan addımlardır. Bu gün azərbaycanlı və gürcü elm xadimləri dünya elminə töhfə verən bir sıra uğurlara imza atıblar.

Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək Azərbaycan və Gürcüstan arasında tarixən mövcud olan əlaqələrdən danışıb, müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin hakimiyyətə qayıdışından və münasibətlərimizin yeni müstəvidə daha da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın da əsası məhz Ulu Öndərin 1996-cı ildə Gürcüstana ilk tarixi səfərindən sonra qoyulub.

Diplomat bildirib ki, bu gün Gürcüstan və Azərbaycan dünyanın enerji təminatında mühüm rol oynayırlar. Eyni zamanda, hər iki dövlət Qafqazda sabitlik, sülh və təhlükəsizliyin, iqtisadi inkişafın tərəfdarı olub. Hər iki dövlət regionu dostluq, qarşılıqlı hörmət və əmin-amanlığın bərqərar olduğu ümumi ev kimi görür.

O, Azərbaycanın xarici siyasətində Gürcüstanla münasibətlərin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb.

Daha sonra Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli, professor Tamar Kiknadze və başqaları çıxış edib, Gürcüstan və Azərbaycan xalqlarının oxşar talelərindən, dövlət müstəqilliyi yolunda yaşanan çətinliklərdən söz açıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.