CƏMİYYƏT
“Sərhəd” hərbi-idman oyunlarında 181 məktəbdən 905 şagird iştirak edib
Bakı, 11 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il təşkil olunan “Sərhəd” hərbi-idman oyunları başa çatıb.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu il ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 36 sərhədyanı və digər rayonların 181 məktəbinin 905 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 10 komanda iyunun 1-dən 10-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təxliyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə bilik və bacarıqlarını nümayiş еtdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.
Final mərhələsinin yekunlarına görə Qusar rayonunun Yuxarı Zeyxur kənd tam orta məktəbinin “Zeyxur” komandası birinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası ikinci, Qax rayonunun Zəyəm kənd tam orta məktəbinin “Zəfər” komandası isə üçüncü yeri tutublar.
İyunun 10-da Dövlət Sərhəd Xidmətinin “Lənkəran” sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir keçirilib.
Tədbirdə iştirak edən DSX-nin, Gənclər və İdman Nazirliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Tədbirdə qaliblər kubok, medal, diplom və qiymətli hədiyyələrlə, eyni zamanda, oyunlarda fəal iştirak etmiş komandalar isə həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.
Sonda “Sərhəd” hərbi idman oyununun iştirakçıları ilə xatirə fotoşəkilləri çəkilib.