DÜNYA
Şanxayda mart ayından bəri ilk dəfə koronavirusa yoluxma qeydə alınmayıb
Bakı, 25 iyun, AZƏRTAC
Şanxayda mart ayından bəri ilk dəfə olaraq sutka ərzində COVID-19 infeksiyasına yoluxma halı qeydə alınmayıb.
AZƏRTAC xəbər verir ki, Channel NewsAsia telekanalı bu barədə Şanxay şəhər administrasiyasına istinadla məlumat yayıb.
Hakimiyyət orqanları iyunun 27-dən etibarən ibtidai və orta məktəb siniflərində əyani məşğələlərin bərpa olunması barədə qərar qəbul edib. Lakin bunun üçün məktəb işçiləri, şagirdlər və onların valideynləri COVID testindən keçməlidir. Həmçinin məktəblərdə böyük qruplar halında toplaşmaq qadağan olunub.
Meqapolisin 25 milyonluq əhalisi iyul ayının sonuna qədər həftədə bir dəfə koronavirus testi verməyə davam edəcəklər.
Şanxayda koronavirusun “omikron” ştamının yayılması səbəbindən tətbiq olunan karantin rejimi iyunun əvvəlində ləğv edilib. Lakin iki həftə öncə hökumətin kütləvi koronavirus testlərinə başlamaq barədə qərarından sonra milyonlarla vətəndaş yenidən müvəqqəti təcridə məruz qalıb.
Çin dünyada koronavirusa qarşı ən sərt karantin tədbirlərinin görüldüyü azsaylı ölkələrdən biri olaraq qalır. Qısa müddət ərzində bütün dünyaya yayılan COVID-19 infeksiyasının ilk dəfə 2019-cu il dekabrın sonlarında Çində aşkarlanmasına baxmayaraq, hakimiyyət orqanları koronavirusa yoluxma hallarının nəzarət altına alınması üzrə uğurlu karantin siyasəti aparıb. Belə ki, pandemiyanın əvvəlindən bu yana ölkədə koronavirusa yoluxanların sayı cəmi 225 min 487 nəfər, ölənlərin sayı isə 5 min 226 nəfər təşkil edib. Həmçinin Çində vaksinasiya kampaniyası da uğurla həyata keçirilir. İyunun 24-nə olan məlumata görə, ölkədə yaşayan 1,5 milyard insanın 89,2 faizi koronavirus əleyhinə tam peyvənd olunub.
Xatırladaq ki, 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.