CƏMİYYƏT
Dövlət Yol Polisi Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi iyunun 26-da paytaxtda Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli AZƏRTAC-a açıqlamasında deyib ki, sabah Bakının bir sıra yollarında hərbi orkestrlərin çıxışları nəzərdə tutulduğu üçün sürücülərdən həmin marşrutlar üzrə hərəkətlərini məhdudlaşdırmaları xahiş olunur.
Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil ediləcək. Hərbi orkestrlərin iyunun 26-da saat 10:00-dan 12:00-dək marşrutlar üzrə yürüşləri aşağıdakı istiqamətlər üzrə keçiriləcək:
- Heydər Əliyev sarayı - Bülbül prospekti -Nizami kinoteatrı - Neftçilər prospekti - Azadlıq meydanı - AMAY ticarət mərkəzi,
- Şəhidlər xiyabanı - Alov qüllələri – “İçərişəhər” metrosu - Qala qapısı - Kukla teatrı – “Azneft” dairəsi - Bəhram Gur heykəli,
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər xiyabanı,
- Zabitlər parkı - Milli Sirk - Heydər Əliyev Sarayı - Səməd Vurğun küçəsi - Neftçilər prospekti,
- Nərimanov heykəli - Mərkəzi park – Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı – Mərkəzi Bank.
Polis mayoru Araz Əsgərli bildirib ki, sabah 19:00-dan 21:00-dək Heydər Əliyev parkı (Heydər Əliyev Sarayının qarşısı), “Azneft” dairəsindəki Bayraq meydanı, Muzey Mərkəzi (bulvar fontanının qarşısı), Zabitlər və Koroğlu parkları və Fəvvarələr meydanında orkestrlərin nümunəvi çıxışları olacaq.
“Sürücülərdən tədbirin keçirildiyi müddətdə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsində yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur. Ümidvarıq ki, tədbirin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsini təmin etmək üçün vətəndaşlarımız müvəqqəti tətbiq edilən məhdudiyyət tədbirlərinə anlayışla yanaşacaq və mövcud vəziyyəti düzgün qiymətləndirməklə bu işdə polis əməkdaşlarına lazımi dəstəyini və köməyini göstərəcəklər”, - deyə baş inspektor vurğulayıb.