MƏDƏNİYYƏT


Yarım əsrdir Bakı ilə qardaşlaşmış şəhər Neapol – Fotoreportaj

Neapol, 25 iyun, AZƏRTAC

Aralıq dənizinin simvolik şəhərlərindən biri olan Neapol İtaliyanın ruhu kimi tanınır. Dünyanın üçüncü ən qədim məskunlaşma şəhəri olan bu rəngarəng şəhər tarixi, özünəməxsus memarlıq nümunələri və dar küçələri turistləri cəlb edir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Neapol mədəniyyəti, incəsənəti, musiqisi və mətbəxi ilə ölkədə böyük əhəmiyyətə malikdir. Cənubi İtaliyanın Kampaniya bölgəsinin paytaxtı və ən böyük şəhəri olan Neapol əhalinin sıxlığına görə ölkədə Roma və Milandan sonra üçüncüdür.

Şəhərin adı qədim yunan dilində “Neopolis”, yəni “yeni şəhər” deməkdir. Əsası eramızdan əvvəl VIII əsrdə yunanlar tərəfindən qoyulan şəhərin əhalisi hazırda bir milyon nəfər, şəhərətrafı bölgələrlə birlikdə 3 milyon nəfərdir. Neapol məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. İkinci Dünya müharibəsi illərində İtaliyada ən böyük ziyan görən şəhərlərdən biri olan Neapol müharibədən sonra uzunmüddətli bərpa işlərindən sonra əvvəlki şöhrətini qaytarıb.

Bakı və Neapol qardaşlaşmış şəhərlərdir

Bakı buxtasının Neapol buxtasına bənzərliyi heyranlıq doğurur. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1972-ci ildə Bakı və Neapol şəhərləri arasında qardaşlaşma münasibətlərinin əsası qoyulub. Belə ki, Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri 1972-ci ildə qardaşlaşmış şəhərlər elan edilib. Ümummilli Lider 1997-ci ildə İtaliyaya rəsmi səfəri çərçivəsində Neapol şəhərinə də səfər edib.

Azərbaycanın paytaxtı Bakıda Neapol küçəsi var. Eyni ilə Neapolun küçələrindən biri Bakının adını daşıyır.

Neapolun tarixi və görməli yerləri

Tarixi quruluşu, zəngin mədəni fondu və bütün dünyada diqqətçəkən unikal memarlıq nümunələri olan Neapolda ziyarət edilməli bir çox yer var. Milli Arxeologiya Muzeyi, “Castel dell’ Ovo”, Neapol Kral Sarayı, “Castel Sant 'Elmo”, Sansevero kapellası, “Castel Nuovo”, Neapol Katedralı, Del Plebiskito Meydanı görməli yerlər siyahısında ilk sırada qərarlaşır.

Neapol, həm də pizzanın vətəni sayılır. Ən məşhur Neapol pizzası isə “San marzano” pomidoru, “Mozzarella” pendiri və təzə reyhandan hazırlanır. Bu pizza növü adını Kraliça Marqaritadan alır. Belə ki, Kraliça Marqarita Neapolda səfərdə olarkən qeyri-adı təam dadmaq istəyib və ona həmin pizza təqdim edilib. Beləliklə də bu pizza Kraliça Marqaritanın şərəfinə “Marqarita” adlandırılıb və bu gün dünyada ən məşhur pizza növü sayılır. Neapol pizza sənəti 2017-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Neapol

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.