SİYASƏT


Deputat: Azərbaycan xalqı öz liderinə və ordusuna güvənir

Bakı, 25 iyun, AZƏRTAC

Hər bir dövlətin gücü onun iqtisadiyyatı və ordusu ilə müəyyən edilir. Bugünkü Azərbaycanın həm iqtisadiyyatı, həm də ordusu güclüdür. Azərbaycan Ordusu dünyanın qüdrətli ordularından biri olduğunu 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə sübut etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

Deputat bildirib ki, 104 il əvvəl Şərqin ilk demokratik dövləti kimi təsis edilən Azərbaycan Xalq Cümhuriyyəti qısa, lakin şərəfli fəaliyyəti ilə xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərləri miras qoyub. Həmin miraslardan biri də Azərbaycan Ordusudur. AXC-nin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görülüb. AXC dövründə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar, qısa müddətdə həyata keçirilmiş bir çox tədbirlər hazırkı ordumuzun formalaşmasında əhəmiyyətli rol oynayıb.

“Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinə yenidən qovuşdu. Müstəqil dövlətimizin atributları təsis edildi, ordusu yaradıldı. Bu ordu həm də Azərbaycanı işğal etmək istəyən Ermənistan silahlı qüvvələri ilə döyüşə-döyüşə formalaşırdı. Ərazi ozünümüdafiə taborları, asayiş keşikçiləri və xalq düşmənə qarşı birlikdə döyüşürdü. Beləliklə, Birinci Qarabağ müharibəsi ordunun formalaşması dövrünə təsadüf etmişdi. Həmin vaxtlarda Azərbaycanda separatçılıq yaranmışdı. Dövlətçilikdə səriştəsizlik hökm sürürdü. Milli qarşıdurmalar cəmiyyətdə olduqca qorxulu bir vəziyyət yaratmışdı. Bu cür vəziyyət vətəndaş qarşıdurmasına səbəb ola bilərdi. Yaranmış ümumi şərait Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsinə səbəb oldu.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev daha böyük faciələrin qarşısını aldı və ayrı-ayrı silahlı dəstələrin dövlətçiliyə problem yaratmasına imkan vermədi. Beləliklə, müstəqil Azərbaycan üçün təhlükə sovuşdu.

Ulu Öndər digər sahələrlə yanaşı ordu quruculuğuna da lazımi səviyyədə diqqət ayırdı və inkişaf etdirdi. Qısa müddətdə ərazi ozünümüdafiə taborlarını ləğv etdi, orduda vahid komandanlıq yaratdı. Bunlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi.

1993-cü il, yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə həyata keçirilən Horadiz əməliyyatı Azərbaycan Ordusunun formalaşmasının ilk işartıları idi. Horadiz əməliyyatının nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə Ordumuzun döyüş əzmini, qəhrəmanlıq ruhunu ifadə edən qələbə kimi tarixləşdi. Bununla belə Azərbaycan Ordusu hələ çox əməliyyatları qələbə ilə başa vuracaqdı”, - deyə S. Xasayeva bildirib.

Deputat vurğulayıb ki, bugünkü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Sonrakı illərdə isə ordu quruculuğundakı prosesi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirdi. Dövlətimizin başçısının rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyası uğurla reallaşdırıldı, iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. İqtisadi güc, güclü ordu, milli həmrəylik və güclü lider Vətən müharibəsində qələbəmizi şərtləndirdi.

“Azərbaycan Ordusunun iyunun 26-da 104-cü yaşı tamam olur. Hazırda ordumuz yeni tarixi bir mərhələdədir. Bu mərhələ qüdrət, güc, qalibiyyət, zəfər mərhələsidir. Buna görə də Azərbaycan xalqı öz liderinə və Ordusuna güvənir”, - deyə Səbinə Xasayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.