CƏMİYYƏT


Müdafiə Nazirliyinin Bakı Qarnizonundakı “N” saylı hərbi hissəsində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Müdafiə Nazirliyinin Bakı Qarnizonunda yerləşən “N” saylı hərbi hissəsində Veteran Tankçılar İctimai Birliyi və Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Ordusunun yaranmasının 104-cü ildönümünə həsr olunmuş tədbirdə hərbi hissənin şəxsi heyəti, Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, veteran tankçılar, Milli Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Elgiz İmanlı, bir qrup şəhid ailəsi və başqa qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə yaradılan abidənin önünə tər qərənfillər düzüblər. Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatlarında - 44 Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun peşəkar, vətənpərvər, yüksək döyüş hazırlığına malik zabit və əsgərlərin qəhrəmanlığından, igidliyindən geniş söhbət açaraq dövlətimizin başçısının diqqət və qayğısı sayəsində ölkənin müdafiə qüdrətinin gündən-günə artırılmasını xüsusi vurğulayıblar. Bildirilib ki, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusu hesab olunmaqla, eyni zamanda, bu gün dünyanın da güclü orduları sırasında dayanır. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, yüksək idarəçilik, diplomatik bacarığı, qətiyyətli addımları nəticəsində və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində otuz ilə yaxın müddətdə erməni silahlı birləşmələrinin işğal etdiyi tarixi torpaqlarımız azadlığına qovuşub. Xalq, Dövlət, Ordu birliyi böyük Zəfərə yol açıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə əməksevər xalqımız işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa-quruculuq işlərini ən yüksək səviyyədə həyata keçirir.

Birinci Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun bacısı Nərgiz xanım, şəhid tankçı Nazim Allahverdiyevin qızı Günay Allahverdiyeva çıxış edərək zabit və əsgərlərimizin qəhrəmanlığı və igidliyi sayəsində şəhidlərimizin qisasının alındığını və erməni işğalçılarını məhv edildiyini deyiblər.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov hərbi hissənin komandiri Firdovsi Bəyova “Həzi Aslanov” ordenini və Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov isə xidmətdə göstərdiyi xüsusi bacarığına və qazandığı nailiyyətlərə görə 10 nəfər zabitə fəxri fərman təqdim edib.

Bir qrup hərbi qulluqçu isə Milli Dəyərlərin Təbliği Fondunun qiymətli hədiyyələri ilə təltif olunub.

Sonda hərbi hissənin komandiri Firdovsi Bəyov tədbirin təşkilatçılarına öz adından və tabeliyində olan şəxsi heyət adından dərin minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.