REGİONLAR
Uşaq musiqi və incəsənət məktəblərinin kollektivi üçün ustad dərsləri keçirilib
Bərdə, 26 iyun, AZƏRTAC
Mədəniyyət Nazirliyi və “Mədəniyyət şəbəkələr evi” (“Cultural Network House”) assosiasiyasının birgə təşkilatçılığı ilə yeni “Ustad dərsləri” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin məqsədi təhsilin keyfiyyətinin yüksəltmək, müəllimlərin peşəkarlığını artırmaq və onlara metodiki kömək göstərmək, Azərbaycan milli musiqisi və milli musiqi alətlərinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onları milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə etmək, uşaqların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxartmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.
Bərdə, Tərtər, Mingəçevir, Yevlax uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün fortepiano, violin, musiqi nəzəriyyəsi və xor dirijorluğu ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərslərində regional idarənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri üzrə 110 müəllim və 10 şagird iştirak edib. Ustad dərslərini Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının peşəkar müəllimləri tərəfindən aparılıb.