REGİONLAR
Silahlı Qüvvələr Günü münasibətilə hərbi hissələrdə konsert proqramları təşkil edilib
Tərtər, 26 iyun, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissələrdə konsert proqramları təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Silahlı Qüvvələr Günü ilə əlaqədar təşkil olunmuş sərgiyə baxış keçirib, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Bərdə Regional Mədəniyyət İdarəsinin, Tərtər və Bərdə Rayon İcra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, şəhid ailələrinin, qazilərin iştirak etdiyi tədbirlərdə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev və Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək, ümummilli lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əhəmiyyətli tədbirlərin görülməsi, Azərbaycan Ordusunun dünyanın ən güclü orduları arasında yer alması və 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə barədə ətraflı danışıblar.
Sonda xidmətdə fərqlənən zabit və əsgərlərə Tərtər Rayon İcra Hakimiyyəti, Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir konsert proqramı ilə davam edib.