ELM VƏ TƏHSİL


Dosent Sənan Əliyev: Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait yaxşı perspektivlər vəd edir

Bakı, 30 iyun, AZƏRTAC

Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF) 11-ci sessiyasında görüşlər qarşıdakı aylar və uzunmüddətli perspektivdə əməkdaşlığı dərinləşdirməyə yeni imkanlar açır. Forum müasir tendensiya və trendləri öyrənmək, oxşar problemlərlə üzləşmiş ölkələrin təcrübəsi ilə yaxından tanış olmaq üçün geniş imkanlar açır.

“Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda keçirilən forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev videoformatda çıxış edərək bildirib: “Bu il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün 30 illiyi tamam olur. Bu mühüm hadisəni qeyd etmək məqsədilə cari ilin mart ayında Azərbaycanın mədəniyyət paytaxtı olan, azad edilmiş Şuşa şəhərində BMT qurumlarının iştirakı ilə münaqişədən və pandemiyadan sonrakı dövrdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına həsr edilmiş çox mühüm tədbir təşkil edilmişdir.

Tədbir iştirakçıları Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində Azərbaycanın əldə etdiyi tərəqqi, eləcə də azad olunmuş ərazilərin dirçəldilməsi və oraya həyatın qaytarılması ətrafında müzakirələr aparmışlar”.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris departamentinin direktoru, dosent Sənan Əliyev bildirib.

O qeyd edib ki, Bakının və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar əldə olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası, şəhərsalma planları və infrastrukturun yenidən qurulması, bu işlərin həcmi, eyni zamanda, keyfiyyəti baxımından əhəmiyyətlidir və beynəlxalq tərəfdaşlar tərəfindən təsdiqlənir.

Ermənistan Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı şəhər və kəndləri qəsdən dağıtmış, hər bir mədəni və dini abidəni talan etmişdir. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinmişdir. Xarici diplomatlar, jurnalistlər və beynəlxalq QHT-lərin nümayəndələri azad edilmiş ərazilərə səfərləri zamanı bu vandalizmə şahid olub və dağıntıların tam miqyasını sənədləşdiriblər. Məcburi köçkünlərimiz 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkib və doğma yurdlarından məhrum edilib. Onların qayıdışı üçün ilk pilot layihə Zəngilan rayonunun Ağalı kəndində reallaşdırılıb. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır.

Məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.