CƏMİYYƏT


21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür

Bakı, 21 mart, AZƏRTAC

21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür.

AZƏRTAC Birləşmiş Millətlər Təşkilatına (BMT) istinadla xəbər verir ki, qurumun Baş Assambleyası 2012-ci ildə martın 21-ni Beynəlxalq Meşələr Günü elan edib. Bu gün bütün meşə tiplərinin ekoloji vacibliyi vurğulanır, onların qorunmasına və artırılmasına diqqət yönəldilir. Hər il bu gün ölkələrdə ağacəkmə aksiyaları, regional və beynəlxalq fəaliyyətlər, təşviqat və təbliğat işləri ilə yadda qalır.

Builki Meşələr Gününün mövzusu “Meşələr və təhsil”dir.

Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalıb.

Hazırda dünyada 13 milyon hektara yaxın meşə sahəsi məhv olub.

XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olub. Hazırda ölkəmizdə meşələrin ümumi sahəsi 1021 min hektardır. Bu da respublika ərazisinin 11,8 faizini təşkil edir.

Ölkəmizin meşə ehtiyatının 49 faizi Böyük Qafqaz, 34 faizi Kiçik Qafqaz, 15 faizi Talış və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Azərbaycanda adambaşına düşən meşə sahəsi 0,12 hektardır. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistan tərəfindən işğal edilib.

Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizdə meşəbərpa tədbirləri həyata keçirir, yeni meşə sahələri və yaşıllıqlar salır, qiymətli ağac və kol cinslərinin qorunması və artırılması sahəsində işlər görür.

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti meşə zolaqlarının, yaşıllıqların salınmasında iqtisadi səmərə verən bitki növlərindən istifadə səviyyəsini artırmaq, meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası təhlükəsinin qarşısını almaq və bütövlükdə ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə ölkənin 42,3 min hektar meşə fondu torpaqlarına xidmət göstərib. Bununla yanaşı, 10,2 min hektarda meşəbərpa tədbirləri aparılıb.

Görülmüş tədbirlər çərçivəsində 2,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 36,1 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib. Həmçinin 7,7 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 46,9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Ötən il, ümumilikdə, meşə ilə örtülü sahələrdən 59,7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib. Bunların 14,5 tonu qoz, 3,1 tonu şabalıd, 2,5 tonu ərik, 1,7 tonu badam, 1,2 tonu şaftalı, 0,5 tonu gilas, 0,3 tonu xurma, 0,1 tonu fındıq toxumlarının payına düşüb.

Bu il meşə fondu torpaqlarında 14 min 30 hektar ərazidə müxtəlifcinsli ağacların əkiləcəyi gözlənilir.

Bu günün məqsədi ağacların dayanıqlı inkişaf və sağlam cəmiyyətdə rolunu ön plana çəkməkdir. Martın 24-dək yeddinci dəfə qeyd ediləcək həmin təqvimin cari ildəki mövzusu “Dəyişmək” adlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.