İDMAN


U-20 Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə qayıdıblar

Bakı, 1 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında çıxışını başa vuran yunan-Roma güləşi üzrə gənclərdən ibarət millimiz Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, 2 qızıl, 1 gümüş və 2 bürünc medalla 102 xal toplayan və xallara görə öz rekordunu yeniləyən yığma komandamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıb.

Millimizin böyük məşqçisi Nurəddin Rəcəbov deyib: “Komandanın çıxışı pis alınmadı. Fürsətdən istifadə edib federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Bu, həmin diqqət və qayğının nəticəsidir. Son illərdə ən yaxşı nəticəmizə imza atdıq. İldən-ilə medalların sayı artır, əyarı yüksəlir. Bu da göstərir ki, perspektivli gənclərimiz yetişir. Avqustda dünya çempionatı keçiriləcək. Bu yarış üçün bəzi çəki dərəcələrində dəyişiklik etməyi planlaşdırırıq. Çünki bəzi güləşçilərin çıxışı bizi qane etmədi. Komanda hesabında Avropa çempionu ola bilərdik. İnanıram ki, dünya çempionatında həm medalların sayında, həm də əyarında daha yaxşı nəticə göstərəcəyik. Bir həftəlik istirahətdən sonra təlim-məşq toplanışına başlayacağıq”.

Avropa çempionu olan Nihad Quluzadə (55 kq) məşqçilərin əziyyətinin yerdə qalmadığını bildirib: “Federasiya rəhbərliyinə minnətdaram. Təlim-məşq toplanışları yüksək səviyyədə təşkil olunmuşdu. Bu qələbə bizim üçün böyük motivasiyadır. Avropa çempionatında ilk görüşdə Fransa güləşçisinə 9:0 hesabı ilə qalib gəldim. Ukrayna idmançısı ilə qarşılaşma çətin keçdi. Ancaq yenə də qalib gələ bildim. Daha sonra alman rəqibimi məğlub edib finala yüksəldim. Finalda isə Rumıniya güləşçisinə tam üstünlüklə qalib gəlib Avropa çempionu oldum”.

Qitə birinciliyində qızıl medal qazanan Laçın Vəliyev (87 kq) yarışa yaxşı hazırlaşdığını deyib. Bildirib ki, 5 medal qazandıq. Ukrayna və İsveç idmançılarına qalib gəlib yarımfinala yüksəldim. Yarımfinalda Ermənistan güləşçisini 3:1 hesabı ilə məğlub etdim. Finalda eyni hesabla rumıniyalı rəqibimə qalib gələrək Avropa çempionu oldum. Çalışacağam ki, dünya çempionatında da himnimizi səsləndirim.

Xatırladaq ki, qitə birinciliyində Nihad Quluzadə (55 kq), Laçın Vəliyev (87 kq) qızıl, Qurban Qurbanov (72 kq) gümüş, Nihat Məmmədli (60 kq) və Kənan Abdullazadə (67 kq) isə bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.