İQTİSADİYYAT


Dövlət Vergi Xidməti və Medianın İnkişafı Agentliyi birgə təlim keçiriblər

Bakı, 1 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün təlim təşkil olunub. “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda keçirilən təlimdə 30-a yaxın KİV nümayəndəsi iştirak edib.

AZƏRTAC xəbər verir ki, təlimdə DVX-nin Vergi siyasəti Baş İdarəsinin Vergi Qanunvericiliyi İdarəsinin rəisi Rəşad Nuriyev, İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin Sosial Sığorta və Əmək Münasibətlərinə Nəzarət İdarəsinin rəisi Nigar Vahabzadə və Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Baş İdarəsinin şöbə rəisi Leyla Hüseynzadə iştirakçılara təqdimatlar keçiriblər.

Təqdimatlar “Büdcə sistemi, vergi daxilolmalarının büdcə gəlirlərində rolu, vergi qanunvericiliyi və vergi sistemi”, “Əmək münasibətlərinə nəzarət sahəsində vergi inzibatçılığı”, “Hüquqi şəxslərin qeydiyyatı sahəsində islahatlar, vergiödəyicilərinin hüquq və vəzifələri” mövzularına həsr olunub.

Tədbirdə mövzular ətrafında müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.

Təlimin sonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov KİV nümayəndələrinə sertifikatlar təqdim ediblər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva ölkədə ardıcıl şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olaraq, vergi sahəsi üzrə qanunvericiliyin və vergi inzibatçılığının da inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, bu islahatlar barədə məlumatların cəmiyyətə, o cümlədən sahibkarlıq subyektlərinə düzgün çatdırılmasında medianın əvəzsiz rolu var. Media subyektləri bu prosesdə çevikliyin təmin edilməsinə, aparılmış islahatlarla bağlı ortaya çıxan sualların vaxtında cavablandırılmasına, cəmiyyətdə islahatlarla bağlı düzgün təsəvvürün formalaşmasına dəstək göstəriblər.

Dövlətin media sahəsinə böyük dəstək göstərdiyini söyləyən Xidmətin rəis müavini qanunvericiliyə əsasən çap mediası üçün bir sıra vergi güzəştlərinin tətbiq edildiyini də xatırladıb.

S.Musayeva “Vergi sistemi, vergi qanunvericiliyi və inzibatçılığı” mövzusunda təlimin keçirilməsini də yüksək qiymətləndirərək əlavə edib ki, DVX media nümayəndələrinin vergi sahəsi üzrə biliklərinin artırılmasında çox maraqlıdır. Xidmət bundan sonra da media subyektləri vasitəsilə islahatların mahiyyətinin cəmiyyətə və sahibkarlara çevik şəkildə çatdırılmasını təmin edəcək.

Cəmiyyətə məlumatların düzgün çatdırılması üçün belə təlimlərin keçirilməsini vacib sayan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov jurnalistlərin bu cür tədbirlərdən çox faydalandığını bildirib.

Azərbaycanda media sahəsində uğurlu islahatların aparıldığını deyən Ə.İsmayılov rəhbərlik etdiyi qurumun DVX ilə sıx əməkdaşlıq etdiyini də nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.