CƏMİYYƏT
Qəbələdə çörək istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub
Bakı, 1 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qəbələ rayonunun Bum qəsəbəsində fiziki şəxs Qaragözov Nofəl Nurqələm oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, eləcə də sanitariya-gigiyena norma və qaydalarının kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, istehsal olunan çörək məhsulunun qida təhlükəsizliyi tələblərinə uyğun qablaşdırılmadığı və etiketləşdirilmədiyi, etiketləşdirilmədə məhsulun adı, növü, tərkibi, miqdarı (çəkisi), qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şərti, istehsalçının adı və ünvanla bağlı məlumatların əks olunmadığı, həmçinin işçi heyətin tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.