CƏMİYYƏT


AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası növbəti uğurlu nəticə əldə edib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Mərkəzi Baytarlıq Laboratoriyasında da qabaqcıl texnologiyaların tətbiqi istiqamətində maddi-texniki baza davamlı şəkildə zənginləşdirilir, müayinələrin beynəlxalq tələblərə uyğun həyata keçirilməsi üçün beynəlxalq laboratoriyalararası səriştəlilik (Proficiency test) sınaqlarında iştirakı təmin edilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin fəaliyyət çərçivəsində Mərkəzi Baytarlıq Laboratoriyasında Hollandiyanın “GD Animal” şirkətinin təşkil etdiyi “2022 PTS VLDIA219 Newcastle disease virus (NDV) antibody detection in serum” laboratoriyalararası test proqramında quşların Nyukasl xəstəliyinin ELISA müayinə metodu ilə təyinində uğurlu nəticə əldə olunub.

Qeyd edək ki, Nyukasl xəstəliyi quşların yüksək kontagioz virus mənşəli yoluxucu xəstəliyi olub, “psevdotaun”, “atipik taun”, “Asiya taunu” kimi adlarla da tanınır və dünyanın əksər ölkələrində qeydə alınan həmin xəstəliyə bütün ev və vəhşi quş növləri yoluxa bilir.

Xatırladaq ki, Mərkəzi Baytarlıq Laboratoriyası indiyədək İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti, Pirbright İnstitutu, FAO tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında uğurla iştirak edib. Laboratoriyada istifadə edilən müasir cihaz və avadanlıqlar patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələri həyata keçirməyə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.