DÜNYA


İsveçrənin Luqano şəhərində Ukraynada yenidənqurma ilə bağlı beynəlxalq konfrans keçirilir

Bern, 4 iyul, AZƏRTAC

İsveçrə hökumətinin təşəbbüsü ilə Luqano şəhərində Ukraynada yenidənqurma ilə bağlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, “Ukrayna bərpa konfransı” adlı tədbirin əsas məqsədi ölkədə bərpa-quruculuq işlərinin təşkili, hansı sahələrin prioritet təşkil etməsi və texniki suallara cavab axtarmaqdan ibarətdir.

İsveçrə İqtisadi Əməkdaşlıq Nazirliyindən bildirilib ki, bu konfrans silsilə şəkildə təşkil ediləcək tədbirlərin başlanğıc nöqtəsidir. İlk konfransda birbaşa danışıqlar aparılmasa da, Ukraynanın yenidən qurulmasında iştirak edəcək potensial tərəfdaşlar müzakirələr apara və yenidənqurmanın birgə arxitekturasını tərtib edə bilərlər.

Qeyd edilib ki, konfransda 38 ölkənin və 14 beynəlxalq təşkilatın təmsilçiləri, eləcə də Avropa Komissiyasının sədri Ursula fon der Layen, Polşa, Çexiya və Slovakiyanın dövlət və hökumət rəhbərləri, Ukraynanın Baş naziri Denis Şmıqalın rəhbərliyi ilə Ukrayna nümayəndə heyəti, Dünya Bankının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Ekspertlərin hesablamalarına görə, Ukraynada yenidənqurma üçün 500 milyarddan 1 trilyon ABŞ dollarınadək vəsait tələb olunur. Hərbi əməliyyatlar başa çatmadan yenidənqurma işlərinin hansı həcmdə aparılması da mühüm mövzular sırasındadır. BMT qurumlarının məlumatına görə, 5,5 milyon məcburi köçkün artıq öz yaşayış yerlərinə geri dönüblər və infrastruktur, xəstəxana və evlərin bərpasını hərbi əməliyyatların sonuna kimi təxirə salmaq mümkün deyil.

Konfrans işinə iyulun 5-də “Luqano bəyannaməsi”nin qəbulu ilə yekun vurmalıdır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Bern

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.