ELM VƏ TƏHSİL


220 nömrəli məktəbin şagirdləri Azərbaycan Dillər Universitetində olublar

Bakı, 14 may, AZƏRTAC 

Bakının Nizami rayonundakı Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 nömrəli orta məktəbin şagird və müəllimləri Azərbaycan Dillər Universitetində (ADU) olublar.

ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor, akademik Kamal Abdulla universitetin tədris prosesi, beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verib, ali təhsil ocağında həyata keçirilən layihələrdən söz açıb.

Kamal Abdulla “Bir günlük xəlifə” layihəsindən də danışıb: “Bir vəzifə uğrunda 25-30 nəfər bir-biri ilə mübarizə aparır, debatlara çıxırlar. Seçilən xəlifələr bir gün ərzində universiteti idarə edir, əmrlər verirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır. Kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir”.

Rektor ötən ay ADU-da tələbə elmi cəmiyyəti tərəfindən təşkil olunan və Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Heydər Əliyev və müasir Azərbaycan təhsili” mövzusunda respublika tələbə-şagird elmi konfransından da söz açıb. Bildirib ki, konfransda müxtəlif köçkün məktəblərinin şagirdləri də fəal iştirak edib və onlar “Heydər Əliyev və Azərbaycanın gələcəyi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikulturalizm ənənələri” mövzularında müxtəlif elmi işlər yazıblar.

220 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımova çalışdığı təhsil müəssisəsinin iki dəfə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İlin məktəbi” adına layiq görüldüyünü bildirib, şagirdlərin uğurlarından söz açıb.

Sonra şagirdlər universitetlə yaxından tanış olublar.

Qeyd edək ki, ADU-nun təhsil, filologiya və jurnalistika fakültəsinin 19 tələbəsi 220 nömrəli orta məktəbdə pedaqoji təcrübədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.