İQTİSADİYYAT
Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 90,9 faiz olub
Bakı, 9 avqust, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36,8 milyard manat olub.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, sənaye məhsulunun 85,8 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5 faiz təşkil edib.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında iyulun 1-nə 374,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub, istehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 70,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.