MƏDƏNİYYƏT
Azərbaycanda həyata keçiriləcək beynəlxalq layihənin misirli iştirakçılarının adları açıqlanıb
Qahirə, 9 avqust, AZƏRTAC
Misirin gənclər və idman naziri Əşrəf Sobhi Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Andorranın UNESCO üzrə Milli Komissiyası ilə birlikdə avqustun 26-dan sentyabrın 5-dək keçiriləcək “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihədə iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, misirli nazir jurnalistlərə müsahibəsində gənc rəssamların bu düşərgəsinin istedadlı gənclər üçün əhəmiyyətini vurğulayıb və Prezident Əbdülfəttah əs-Sisinin Misir gənclərinin beynəlxalq tədbirlərdə iştirakına böyük önəm verdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Misirin UNESCO üzrə Milli Komissiyası tərəfindən seçilmiş bir gənc qız və bir oğlan rəssamın tədbirdə iştirakı nəzərdə tutulur. Onlar yerli rəssamlıq müsabiqəsinin qalibləri olublar.
Əşrəf Sobhi, həmçinin misirli gənclərin Qoşulmama Hərəkatının Azərbaycanda keçirilən Gənclər Sammitində iştirakını da yüksək qiymətləndirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə