DÜNYA
İspaniyada yeniyetmələr arasında intihar cəhdlərinin azaldılması üzrə ilk milli pilot planı həyata keçirilir
Madrid, 13 avqust, AZƏRTAC
2006-cı ildən bəri İspaniyada intihar cəhdlərinin sayı üç dəfə artıb. Bunlar əsasən, medikamentoz zəhərlənməyə əl atan qadınlardır.
AZƏRTAC xəbər verir ki, bu problemin həllindən ötrü İspaniyada “Survive” layihəsi dövriyyəyə buraxılıb. Layihəyə İspaniyanın səkkiz dövlət xəstəxanasının rəhbərliyi altında novator kliniki sınaqlar daxildir.
III Karlos adına Sağlamlıq İnstitutunun maliyyələşdirdiyi layihənin məqsədi 13-18 yaşında yeniyetmələr arasında intihar cəhdlərinin azaldılması və qarşısının alınmasıdır.
Pilot layihəsinin nəticələri əsasında milli miqyasda plan işlənib hazırlanacaq.
2020-ci ildə İspaniyada intihar 15-29 yaşlılar arasında (300 hal) onkologiyadan (330 hal) sonra ölümə ikinci əsas səbəb olub. “Suicide Observatory”nin məlumatına görə, 2020-ci ildə 3941 nəfər öz həyatına intiharla son qoyublar ki, bu da tarixi maksimum hesab edilir.
Həyatlarına artıq intiharla son qoymağa cəhd göstərən 300 yeniyetmənin iştirak etdiyi “Survive” layihəsinin nəticələri 2023-cü ilin əvvəlində açıqlanacaq.
Bu layihə 10 il bundan əvvəl İsveçin Karolina İnstitutu tərəfindən 12 ölkədə (Almaniya, Avstriya, Sloveniya, İspaniya, Estoniya, Fransa, Macarıstan, İrlandiya, İtaliya, Rumıniya, İsveç və İsrail) 11 min nəfər 15 yaşlı yeniyetmənin iştirakı ilə aparılan layihəyə bənzəyir.
İspaniya layihəsi İsveç layihəsindən onunla fərqlənir ki, burada məşğələlərdə uşaqlara intihar böhranı zamanı öz emosiyalarına idarə etməyi öyrətmək əsas götürülür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid