REGİONLAR
Son 6 ay ərzində Abşeron rayonunda gənclərlə bağlı və idman sahəsində 100-ə yaxın tədbir keçirilib
Xırdalan, 13 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.
Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
AZƏRTAC xəbər verir ki, dövlət gənclər siyasəti Abşeron rayonunda da uğurla həyata keçirilir. Abşeron Rayon İcra Hakimiyyəti gənclərlə bağlı və idman sahəsində rayonun gənclər və idman idarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi və Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzi ilə sıx əməkdaşlıq edir. Son 6 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin birgə tədbirlər planına uyğun olaraq gənclərlə bağlı və idman sahəsində 100-ə yaxın tədbir keçirilib.
Gənclər rayonun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir. Bu gün Abşeron rayonunda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Son illər Abşeron rayonunda olimpiya idman kompleksinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəbinin, şahmat məktəbinin, stadionların, süni örtüklü mini futbol meydançalarının, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, Abşeron rayonunu Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılardan 4-ü Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Güləş Məktəbinin, 1-i isə Abşeron Taekvondo Məktəbinin yetirmələridir.
Belə ki, abşeronlu idmançılardan Hacı Əliyev, İslam İlyasov, Elnurə Məmmədova və Jalə Əliyeva idmanın sərbəst güləş, Cavad Ağayev isə taekvondo üzrə ölkəmizi təmsil edirlər.
Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, karyerasında ikiqat İslam Həmrəyliyi Oyunlarının qalibi titulunu qazanıb. Gənclər arasında dünya çempionu, Abşeron Taekvondo Məktəbinin yetirməsi, “Mübariz” Taekvondo Klubunun üzvü Cavad Ağayev (68 kq) isə Oyunlarda gümüş medal qazanıb. Abşeron idman məktəbinin yetirmələri olan digər 3 idmançımız isə V İslam Həmrəyliyi Oyunlarında çıxışlarını davam etdirilər.