REGİONLAR
Polşalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna səfərlərindən razı qalıblar
Qəbələ, 15 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu yerli turistlərlə yanaşı, ölkəmizə səfər edən xarici turistlərin də diqqətini özünə cəlb edir. Qoruğu ziyarət edənlərin arasında Avropa ölkələrindən gələn turistlərə də tez-tez rast gəlmək olar. Polşalı turistlər də qoruğa səfərlərindən razı qalıblar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Bildirib ki, polşalı qonaqlar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzində sərgilənən arxeoloji materiallarla tanış olublar. Onlara mərkəzin yaradılması və bu sahədə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər, sərgi salonundakı tarixi əhəmiyyətə malik tapıntılar barədə ətraflı məlumat verilib.
Polşalı turistlər, həmçinin qoruğun tarixi məkanlarından olan Səlbir və Qala ərazilərində aparılmış arxeoloji qazıntı sahələri ilə də tanış olublar. Əcnəbi qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, yerli və xarici arxeoloqlar tərəfindən aşkar olunan tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Polşalı turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.