İDMAN


Çingiz Məmmədov: Əsas məqsəd ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməkdir

Bakı, 20 avqust, AZƏRTAC

Ölkəmizdə uşaq və gənclər aykidoya maraq göstərirlər və bu idman növü üzrə nailiyyətlər əldə etmək üçün səylə çalışırlar. Biz aykidonun ənənəvi növü ilə məşğul oluruq. Aykidonun bir neçə növü mövcuddur, lakin bizim məşğul olduğumuz və tədris etdiyimiz aykido bu döyüş sənətinin banisi olan Morihey Ueşiba tərəfindən yaradılmış aykidodur. O Sensey (dahi usta) tərəfindən yaradılmış ənənəvi aykido ilə məşğul olan federasiya, assosiasiya, ictimai birliklər və klublar Yaponiyada yerləşən Aykikay Fonduna tabedirlər. Aykikay Fondunun mənzil-qərargahı Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. Bizim təşkilat “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birlik (AAAKİB) kimi fəaliyyət göstərir və Aykikay Fondunun, eləcə də Beynəlxalq Aykido Federasiyasının (BAF) Azərbaycan üzrə rəsmi nümayəndəsiyik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin ictimaiyyət və beynəlxalq əlaqələr departamentinin direktoru Çingiz Məmmədov deyib. O qeyd edib ki, ümumilikdə, aykidonun Azərbaycandakı inkişafını qənaətbəxş hesab etmək olar. Hər halda, ölkədəki bütün aykido təşkilatlarının bir federasiyanın çətiri altında toplanması daha məqsədəuyğun olardı və bu döyüş sənətinin inkişafına güclü təkan verərdi.

Ç.Məmmədov aykido üzrə beynəlxalq arenalarda keçirilən yarış və tədbirlərə Azərbaycan təmsilçiləri də qatıldıqlarını bildirib: “Ötən ay ABŞ-ın Alabama ştatının Birmingem şəhərində keçirilən mötəbər XI Dünya Oyunlarına aykido döyüş növü üzrə dəvət olunmuş 15 ölkədən biri də Azərbaycan idi və ölkəmizi Azərbaycan Aykikay Aykido Klubları İB təmsil edirdi. Belə ki, yarışda mənimlə yanaşı, həm də Fəxri Qafarlı iştirak edirdi. Hər ikimiz 3-cü dan qara kəmər sahibiyik. İştirakçılardan yüksək bilik səviyyəsi və peşəkarlıq tələb olunan yarışda 100-dən çox ölkənin idmançıları mübarizə aparırdılar. Dünya yığmasına seçilməyimiz isə Azərbaycan aykido məktəbinin yüksək tədris səviyyəsi və peşəkarlığından xəbər verir. Oyunlarda biz həm ölkəmizi, həm də Azərbaycan aykido məktəbini dünya ictimaiyyətinə tanıtmış olduq. Qeyd edim ki, bu günə qədər Azərbaycan aykidoçuları belə bir mötəbər və genişmiqyaslı tədbirdə iştirak etməmişdilər. Doğrudur, Aykikay Fondu və Beynəlxalq Aykido Federasiyası bizi tanısa da, digər ölkələrin aykidoçularının Azərbaycan barədə məlumatı yox idi. Beləliklə, bu tədbirdə iştirak sayəsində həm də digər ölkələrin aykidoçuları ilə ünsiyyət quraraq, yeni dostlar qazandıq”.

Bildirib ki, Azərbaycanda gələcəkdə bu növ üzrə yarışların təşkili planlaşdırılır ki, bununla bağlı BAF-ın rəhbərliyi ilə müzakirələr aparılıb. Yaxın gələcəkdə BAF-ın sədri Vilko Vriesmanın Bakıya səfəri planlaşdırılır. Bu səfər çərçivəsində onun rəsmi qurumlarla görüşləri nəzərdə tutulub. Bütün bunlar BAF-ın ölkəmizə, eləcə də təşkilatımızın fəaliyyətinə verdiyi yüksək qiymətdən xəbər verir.

Hazırda 2023-cü ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək “World Combat Games” tədbirində iştirak üçün hazırlıqlara başlamışıq. Əsas məqsəd Vətən müharibəsində böyük zəfər qazanmış ölkəmizi beynəlxalq arenada yüksək səviyyədə təmsil etməkdir.

Bu günə qədər aykidoya həsr olunmuş verilişlər hazırlanıb, KİV-lər (radio və televiziya) vasitəsi ilə bu döyüş sənətinin üstünlükləri və fəlsəfəsi barədə ölkə ictimaiyyətinə məlumat verilib. Məlum məsələdir ki, son zamanlarda təbliğat işində daha çox geniş oxucu və izləyici kütləsi olan sosial şəbəkələrdən istifadə edilir. İctimai birliyimizin Bakıda müxtəlif ünvanlarda yerləşən səkkiz idman zalında məşqlər keçirilir. Çalışırıq ki, bu döyüş sənətini ölkəmizdə daha populyar edək.

Çingiz Məmmədov bölgələrdə də aykidonu inkişaf etdirmək planlarının olduğunu deyib. Onun sözlərinə görə, hazırda araşdırmalar və təhlillər aparılır: “Əsas məqsəd və hədəf beynəlxalq tədbirlərdə ölkəmizi Azərbaycan Aykido Federasiyası statusunda təmsil etməkdir. Artıq tələb olunan sənədləri Gənclər və İdman nazirliyinə təqdim etmişik və cavab gözləyirik. Statusumuz təsdiqlənsə, təbii ki, bölgələrimizdə də zalların təşkili, filialların yaradılması işini sürətləndirəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.