ELM VƏ TƏHSİL
225 nömrəli tam orta məktəbdə “Son zəng” çalındı VİDEO
Bakı, 14 iyun, AZƏRTAC
Bu gün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
AZƏRTAC xəbər verir ki, Telman Abbasov adına 225 nömrəli tam orta məktəbdə XI sinfi bitirən şagirdlər bu günə xüsusi hazırlaşıblar. Tədbirdə məktəbin məzunları və şagirdlərinin iştirakı ilə mahnı və rəqslərdən ibarət konsert proqramı təqdim edilib, maraqlı səhnəciklər göstərilib.
“Son zəng” tədbirində çıxış edən məktəb rəhbərliyi, müəllimlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, 2018-2019-cu tədris ili ümumilikdə ölkə təhsili üçün uğurlarla yadda qalıb. İlbəil artan təhsil nailiyyətləri bu tədris ilində də müşahidə olunub: “Biz bunu istər olimpiada nəticələrinin yüksəlməsində, istər ali təhsil müəssisələrinə qəbul nəticələrinin yaxşılaşmasında, istərsə də ümumilikdə tədrisin keyfiyyətini göstərən amillərin artmasında görə bilərik. Məktəb təkcə bilik və bacarıqları məktəblilərə aşılamaqla deyil, eyni zamanda, onları vətənpərvər ruhda, layiqli vətəndaş kimi yetişdirməklə üzərinə düşən vəzifələri uğurla yerinə yetirib.
Sonda məzunlar üçün “Son zəng” çalınıb.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 min 993, XI siniflərini isə 19 min 786 nəfər bitirib. Paytaxtda 45 min 616 nəfər I sinfi, 655 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vurub.