SİYASƏT
Berndə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib
Bern, 27 sentyabr, AZƏRTAC
İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Anım Gününə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının İsveçrədəki səfirliyinin heyəti yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 12:00-da) diplomatik nümayəndəlikdə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Daha sonra İsveçrənin Lüsern şəhərinə səfər edilib və tarix boyu müharibələrdə azadlıq və müstəqillik uğrunda canlarını fəda etmiş İsveçrə əsgərlərinin xatirəsinə həsr olunmuş İsveçrənin kədər və eyni zamanda, qürur yaddaşını əks etdirən dünyaşöhrətli “Can verən aslan” tarixi abidənin üzərinə gül dəstəsi qoyulub, vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sözügedən abidənin ziyarəti bütün dünyada və hər bir ölkədə müstəqillik və azadlıq uğrunda həlak olmuş hərbçilərin xatirəsi simvolu kimi qəbul edilir və onları məhz bu abidə qarşısında yad etmək İsveçrədə bir ənənəyə çevrilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern