CƏMİYYƏT


Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunda Anım Günü ilə bağlı tədbir keçirilib

Yekaterinburq, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Azərbaycanın Yekaterinburq şəhərindəki baş konsulluğunda Anım Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, habelə bütün şəhidlərimizə dərin ehtiram ifadə olunub.

Tədbir baş konsulluğun görüş zalında şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış guşənin önünə gül dəstələrinin qoyulması ilə başlayıb.

Sonra baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək, Anım Gününün xalqımızın tarixindəki əhəmiyyətindən, Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dolu mübarizəsindən danışıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən müharibəsində tarixi ədaləti, eyni zamanda, son 30 ildə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən ayaqlar altına atılmış beynəlxalq hüququn norma və prinsiplərini nəinki regionda, eləcə də bütün dünyada bərpa edib. Ş.Mustafayev çıxışının sonunda şəhidlərimiz və qazilərimizdən bəhs edərək, Bakı vaxtı ilə saat 12:00-da şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükut elan edib.

Anım Günü tədbiri Ural Dövlət Mədən Universitetinin professorları Niyazi Vəliyevin və Vladislav Petroviçin çıxışları ilə davam edib. Onlar bildiriblər ki, Vətən müharibəsinin regionda hüquqi və tarixi ədalətin bərpa olunmasında rolu müstəsnadır, Azərbaycanın bu istiqamətdə haqlı mövqeyi hər zaman dəstəklənmiş və dəstəklənəcək. Natiqlər Anım Gününün Azərbaycan xalqının tarixindəki əhəmiyyətindən də bəhs ediblər.

Tədbirdə baş konsulluğun kollektivi ilə yanaşı, Azərbaycan diasporunun nümayəndələri, Ural Dövlət Mədən Universitetinin professor-müəllim heyəti iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.