CƏMİYYƏT


Deputat: Ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşadı. Torpaqlarımızın 20 faizi işğal edildi, yaşayış məskənləri yerlə yeksan edildi, mədəniyyət abidələrimiz məhv edildi. Bir milyon insan isti ocağını tərk etməli oldu. Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini nəinki yerinə yetirmədi, əksinə daha çox ərazilər işğal etmək istədi. İşğalçı ölkə regionda status-kvonu saxlamağa cəhd göstərirdi. Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan bu vəziyyətlə barışmadı və barışa da bilməzdi. BMT Təhlükəsizlik Şurasının həll edə bilmədiyi problemi Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu həll etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

O bildirib ki, işğalçı Ermənistan yeni ərazilər işğal etmək məqsədilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətməyə cəhd göstərirdi. Azərbaycan Ordusunun bölmələri bu təxribatların qarşısını qətiyyətlə alırdı. Növbəti belə təxribatlardan biri 2020-ci il sentyabr ayının 27-də törədildi. Əks-hücum əməliyyatı nəticəsində Vətən müharibəsi başladı. Əli silah tutanların hamısı döyüşə getmək istəyirdi. Xalq ölkə Prezidentinin ətrafında sıx birləşdi, hamı ruhən döyüşənlərin sırasında idi. Dövlət-xalq-ordu birliyi Vətən müharibəsində Zəfərimizi şərtləndirdi.

Deputat diqqətə çatdırıb ki, məğlubiyyətlə barışmayan Ermənistan yenə də öz çirkin əməllərindən əl çəkmir, təxribatlar törətməkdə davam edir. Bu il sentyabr ayının 12-13-də sərhəddə yaşanan hadisələr bir daha təsdiqləyir ki, Ermənistan regionda sülh və davamlı inkişafın tərəfdarı deyil. Azərbaycan ərazi bütövlüyü uğrunda qətiyyət və möhkəm siyasi iradə nümayiş etdirir. Biz humanist ölkə və xalq olaraq sülh və əmin-amanlığın tərəfdarıyıq.

“Biz ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizə, qazilərimizə borcluyuq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Hamılıqla bu gün igid oğullarımızın xatirəsini ehtiramla və minnətdarlıqla anırıq. Tanrıdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik”, - deyə Səbinə Xasayeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.