REGİONLAR


Tərtərin Ələsgərli kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksinin açılışı olub

Tərtər, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Tərtər rayonunun Ələsgərli kəndində şəhidlik zirvəsinə ucalan kənd sakinlərinin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət, KİV nümayəndələrivə kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ələsgərli kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Ələsgərli kəndi Birinci Qarabağ müharibəsində 6, Vətən müharibəsində isə 2 nəfər şəhid verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.

M.Məmmədov 44 günlük müharibə dövründə rayonda infrastruktura dəyən ziyandan, Vətən uğrunda canından keçmiş Tərtərdən olan 66 hərbi, 16 mülki şəhiddən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər Gününü tarixə yazıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sahib Alıyev 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan bəhs edib. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Ələsgərli kənd tam orta məktəbinin müəllimi Telman Həsənov, kənd ziyalısı Məhəmməd Şirinov, qazi İntiqam Sarıyev çıxış edərək şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən müharibəsində göstərdikləri igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.