CƏMİYYƏT


“Xəzəri qoruyaq!” aksiyası davam edir

Bakı, 28 sentyabr, AZƏRTAC

Beynəlxalq Sahilyanı Təmizlik Günü Azərbaycanda “Xəzəri qoruyaq!” şüarı ilə bütün Xəzər sahili əraziləri əhatə edir. Aksiya sentyabrın 7-dən 16-dək Xaçmaz, Şabran, Siyəzən, Sumqayıt, Neftçala, Lənkəran və Astarada təşkil olunub. Sentyabrın 28-29-da və oktyabrın 1-də isə ümumilikdə mindən çox könüllünün iştirakı ilə Bakı şəhərində irimiqyaslı aksiyalar şəklində davam edəcək.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, “Xəzəri qoruyaq!” təmizlik aksiyasının keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin bu sahədə maarifləndirilməsi və ətraf mühitə məsuliyyətli yanaşma prinsiplərini təbliğ etməkdir.

“Bu il “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “ASAN xidmət” mərkəzinin, “ASAN Könüllüləri” Təşkilatının dəstəyi, “Coca-Cola”, “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətlərinin tərəfdaşlığı və “EcoHub” ekoloji platformasının icraçı tərəfdaşlığı ilə təşkil olunur.

Qeyd edək ki, son 30 ildə dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da həmin beynəlxalq ekoloji aksiyada “Xəzəri qoruyaq” şüarı ilə artıq 10 ildən çoxdur ki, iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir”, - deyə S.Məmmədova qeyd edib.

S.Məmmədovanın sözlərinə görə, Azərbaycanda son 10 il ərzində keçirilən “Xəzəri qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik aksiyaları çərçivəsində Xəzər dənizinin çimərliklərinin 45 hektaradək ərazisi təxminən 40 ton məişət tullantısından təmizlənib. Təmizlənən ərazilərdən toplanan tullantılar qeydə alınaraq məlumatlar “Ocean Conservancy” beynəlxalq təşkilatına göndərilir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.