CƏMİYYƏT


Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsiri mövzusunda seminar təşkil edilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq sentyabrın 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda növbəti seminar keçirilib.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb, Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparıldığı, gənclərin radikal dini cərəyanların təsiri altına düşməsindən qorunmasının vacibliyi, eyni zamanda, dini radikalizmin fəsadları barədə geniş məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Dəmir yumruq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.