DÜNYA


İranın 7 milyard dollar məbləğində dondurulan maliyyə vəsaiti özünə qaytarılacaq

Tehran, 2 oktyabr, AZƏRTAC

İran ilə ABŞ arasında üçüncü ölkənin vasitəsilə məhkumların dəyişdirilməsi (ekstradisiya) və sanksiyaların aradan qaldırılması barədə aparılan danışıqlar öz nəticəsini verib.

AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, İran məhkəməsi ikili vətəndaşlığı (ABŞ və İran) olan Baqer Namazi və oğlu Siamak Namazini azadlığa buraxıb. Baqer Namazi azadlığa çıxan kimi İranı tərk edib. Bunun müqabilində isə ABŞ İranın Cənubi Koreya banklarında dondurulan vəsaitinin bir qismini, yəni 7 milyard ABŞ dollarının İrana qaytarılması üçün icazə verib.

BMT Baş katibinin mətbuat katibi Stefan Düjarrik faktı təsdiq edərək bildirib ki, Baqeri Namazi azadlığa buraxılıb. Mətbuat katibi BMT-nin Baş katibi Antonio Quterreşin adından İran Prezidenti İbrahim Rəisiyə Baş katibin xahişinə diqqət göstərdiyinə görə minnətdarlığını ifadə edib.

İranın Cənubi Koreya banklarında ABŞ-ın iqtisadi sanksiyalarının nəticəsi olaraq dondurulan maliyyə aktivlərindən 7 milyardın qayıtması barədə hələlik məlumat yoxdur. İran Mərkəzi Bankından bildiriblər ki, sözügedən məbləğdəki maliyyə vəsaitinin İran banklarına köçürülməsi barəsində sifariş daxil olmayıb.

Ölkənin çətin iqtisadi vəziyyətdən çıxması üçün həmin maliyyə vəsaitinə rəsmi Tehranın böyük ehtiyacı var.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.