MƏDƏNİYYƏT


“ZƏFƏR – 44” rəsm yaradıcılıq turnirində 700-ə yaxın yeniyetmə və gənc iştirak edir

Bakı, 3 oktyabr, AZƏRTAC

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “ZƏFƏR – 44” adlı uşaq rəsm yaradıcılıq turnirinə müraciətlərin qəbulu başa çatıb. Yaradıcılıq turniri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunub.

Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turnirdə iştirak etmək üçün ölkəmizin müxtəlif güşələrindən 700-ə yaxin yeniyetmə və gənc qeydə alınıb.

Qeydə alınan iştirakçılar sentyabrın 28-dən başlayaraq 15 nəfərlik qruplarla gündə 1 və ya 2 dəfə olmaqla, saat 10:00 və 14:00-da növbəli şəkildə hava şəraitindən asılı olaraq Xətai Sənət Mərkəzinin qarşısında və ya daxilində plenerə dəvət olunurlar. Onların 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda hər hansı bir rəsm əsərini ərsəyə gətirmələri nəzərdə tutulub. Turnirin gündəlik fəaliyyətini Xətai Sənət Mərkəzinin sosial media (feysbuk, instaqram və yutub) hesabları üzərindən izləmək mümkündür.

Plenerlər bitdikdən əsərlər arasından ən yaxşı 44-ü sərgilənmək üçün seçiləcək.

Turnirin bağlanış sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək.

Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla ərsəyə gətirdiyi əsər əsas götürüləcək.

Əsəri sərgidə nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.