REGİONLAR


Mingəçevir Dövlət Universitetində ABŞ səfirliyinin əməkdaşları ilə görüş keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov ABŞ səfirliyinin Mədəniyyət və təhsil işləri üzrə müşaviri Salman Haci, təhsil mütəxəssisi Ramina Mürşüdova və proqram koordinatoru Səbinə Abdullayeva ilə görüşüb.

Görüşdə ABŞ səfirliyinin region üzrə ingilis dili müşaviri Lotti Beyker, ABŞ Dövlət Departamentinin Fulbright-ETA (Fulbright-English Teaching Assistantship) Proqramı çərçivəsində MDU-da fəaliyyət göstərən amerikalı mütəxəssis John Bunke və universitetin digər əməkdaşları da iştirak ediblər.

MDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə “İngilis dili müəllimliyi” ixtisası üzrə kadr hazırlığının təkmilləşdirilməsi, MDU əməkdaşları və tələbələrinin İngilis dili bacarıqlarının inkişaf etdirilməsi barədə müzakirələr aparılıb, səfirliyin dəstəyi ilə həyata keçirilən təhsil proqramlarında universitetin iştirak imkanlarından bəhs olunub.

Sonra MDU-nun “Xarici dillər” kafedrasının əməkdaşları və tələbələri üçün ABŞ səfirliyinin təhsil proqramları barədə infosessiya keçirilib. İnfosessiyada mübadilə proqramları ilə bağlı ətraflı məlumatlar təqdim edilib və iştirakçıların sualları cavablandırılıb. Mübadilə proqramına müraciət edən şəxslərə göstərilən xidmətlərdən söhbət açan L.Beyker MDU əməkdaşları və tələbələrini bu imkanlardan faydalanmağa dəvət edib.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da kadr potensialının və tələbələrin hərtərəfli inkişaf etdirilməsi, eləcə də onların xarici dil bilik və bacarıqlarının artırılması məqsədilə müvafiq fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.