MƏDƏNİYYƏT
Kukla Teatrında “Üç donuz balası” adlı tamaşanın premyerası olacaq



Bakı, 13 oktyabr, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni səhnə əsərinin məşqlərinə başlanılıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mütəmadi olaraq dünya xalqlarının da nağıllarına müraciət edən və onları fərqli səhnə həllində təqdim edən yaradıcı heyət bu dəfə ingilis folkloruna aid “Üç donuz balası” adlı məşhur nağıla müraciət edib.
Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.
Klassik nağıla daha iki personaj əlavə edən yaradıcı heyət nümunəni müasir uşaqların zövqünə uyğunlaşdırmağa çalışıblar. Belə ki, quruluşa müxtəlif texniki vasitələr sayəsində animasiya elementləri qatmaqla tamaşa içində interaktiv oyun da sınaqdan keçiriləcək. Rejissor ümumilikdə ikisi canlı plan olmaqla səkkiz kukla ilə qurulan tamaşanın əsas oyun-ifadə üslubunu daha çox kiçik ölçülü (50 sm-lik) kuklaların plastik və musiqi ritmləri ilə ahəngdar tərzdə quruluşuna meyil edərək balaca tamaşaçıların daha çox diqqətini cəlb etməyə çalışıb. Bununla da uşaqlar mətn, aktyor oyunu və musiqinin köməyi ilə nağılın ehtiva etdiyi əsas məqamları müxtəlif təqdimatlarla daha yaxşı qavramış olacaqlar.
“Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Ülviyyə Əliyeva, Elgün Həmidov, Adil Dəmirov, Cavid Telman, Araz Həsənov, Elmira Hüseynova və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətirəcəklər.
Qeyd edək ki, uşaqlara zəhmətsevərlik, özünə inam, ağıl ilə gücün birlikdə istənilən maneəni dəf etmək gücünü göstərən məişət mövzulu eyniadlı nümunə noyabrın sonlarında balacaların ixtiyarına veriləcək.