ELM VƏ TƏHSİL
234 nömrəli məktəbdə “Son zəng”
Bakı,14 iyun, AZƏRTAC
İyunun 14-də Bakıdakı 234 nömrəli məktəbdə “Son zəng” tədbiri keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, tədbirdə məktəbin direktoru Könül Məmmədli şagirdlərin olimpiada və müsabiqələrdə əldə etdikləri uğurlardan danışıb. O bildirib ki, məktəbdə ümumilikdə 1178 şagird təhsil alır, onlardan 53-ü bu il məzun adını qazanıb.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev “Son zəng” münasibətilə məzunları təbrik edib. O, ölkədə təhsilə göstərilən dövlət qayğısının ilbəil artdığını vurğulayıb.
Rəşad Tağıyev məzunların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçiriləcək işlərdə fəal iştirak edəcəklərinə inandığını bildirib.
Tədbirdə çıxış edən qonaqlar məktəb həyatına əlvida deyən məzunlara bundan sonrakı həyatlarında müvəffəqiyyətlər diləyib və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. Məktəbin ictimai həyatında fəal iştiraklarına görə bir çox şagirdlərə fəxri fərmanlar verilib.
Tədbirdə rəmzi “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub, “Son zəng” çalınıb.