DÜNYA


Yaponiya qarşıdakı beş ildə müdafiə xərclərini 290 milyard dollara çatdırmağı planlaşdırır

Yaponiya qarşıdakı beş ildə müdafiə xərclərini 290 milyard dollara çatdırmağı planlaşdırır

Tokio, 27 noyabr, AZƏRTAC

Yaponiya hökuməti qarşıdakı beş ildə ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün xərcləri 40 trilyon yenə (290 milyard dollara) çatdırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti noyabrın 27-də Yaponiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Bildirilir ki, həmin plan hazırda müzakirə mərhələsindədir. Bununla da hökumət müdafiə xərclərinin ümumi daxili məhsulun (ÜDM) 2 faizdən çoxunu təşkil etməsinə nazil olmaq niyyətindədir.

Yaponiya Müdafiə Nazirliyi 2023-cü maliyyə ili üçün 5,59 trilyon yen (təqribən 40 milyard dollar) büdcə ayrılmasına sorğu verməyi planlaşdırır. Bu sorğunun qəbul ediləcəyi təqdirdə, Tokionun hərbi xərcləri cari illə müqayisədə 4 faizdən çox artacaq. Bununla yanaşı, yerli mətbuatın yazdığına görə, büdcə layihəsinin bəzi bəndlərində konkret rəqəmlər göstərilməyib. Beləliklə, hərbi xərclərin ən azı daha 1 trilyon yen artacağı gözlənilir ki, bu da son rəqəmin 6,5 trilyon yen (45 milyard dollar) təşkil edəcəyini deməyə əsas verir. Həmin vəsaitin əsasən uzaq mənzilli raketlərin, döyüş PUA-larının, səsdən iti raketləri vurmağa qadir olan hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcəyi gözlənilir.

Yaponiya son bir neçə ildə müdafiə xərclərini artırmaqda davam edir. Cari maliyyə ilində bu məqsədlə 5,47 trilyon yen (39,1 milyard dollar) sərf edilməsi nəzərdə tutulur ki, bu da rekord səviyyədə yüksək göstərici hesab olunur.

Yaponiyanın hakim Liberal Demokratik Partiyası hərbi xərcləri NATO ölkələrində olduğu kimi ÜDM-in 2 faizi səviyyəsinə qaldırmaq istəyir. Bu müdafiə ilə əlaqədar mövcud büdcə xərclərindən təqribən iki dəfə çoxdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.