İDMAN
“Qətər-2022”: Bu gün qrup mərhələsində üçüncü tura start veriləcək
Bakı, 29 noyabr, AZƏRTAC
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün üçüncü tura start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizə baş tutacaq.
A qrupu çərçivəsində Ekvador-Seneqal və Niderland-Qətər oyunları keçiriləcək. “Xəlifə” stadionunda oynanılacaq Ekvador-Seneqal matçını fransalı Kleman Türpen idarə edəcək. "Əl Beyt" stadionunda keçiriləcək digər matç isə Bakari Qassamaya (Qambiya) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Hesabında 4 xal olan Niderland və Ekvador yığmaları qrupda ilk iki pillədə yer alıblar. Seneqal seçməsi 3 xalla üçüncü, hələ xal qazana bilməyən Qətər isə sonuncudur.
B qrupu çərçivəsində isə İran-ABŞ və Uels-İngiltərə matçları oynanılacaq. Hər iki oyuna saat 23:00-da start veriləcək. İran-ABŞ qarşılaşması “Al Tumama”, Uels-İngiltərə görüşü isə “Əhməd ibn Əli” stadionunda keçiriləcək.
Qrupa 4 xalla İngiltərə millisi başçılıq edir. Hesabında 3 xal olan İran ikinci, 2 xalla ABŞ üçüncü, 1 xalı olan Uels isə sonuncudur.
Qeyd edək ki, daha əvvəl Fransa, Braziliya və Portuqaliya yığmaları pley-off mərhələsinə vəsiqəni təmin ediblər.