MƏDƏNİYYƏT


Səmərqənd Dövlət Universitetində azərbaycanlı alimin “Əmir Teymur fenomeni” adlı kitabının təqdimatı olub

Bakı, 29 noyabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı tarixçi alim, jurnalist Teymur Atayevin müəllifi olduğu “Феномен Амира Теймура” (Əmir Teymur fenomeni) kitabı Daşkənddə “Bilim və intellektual salaxiyat” nəşriyyatında rus dilində nəşr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, üzvləri, Səmərqənd Dövlət Universitetinin müəllim və tələbə heyəti, kitabın müəllifi Teymur Atayev və jurnalistlər iştirak ediblər.

Əvvəlcə çıxış edən Səmərqənd Dövlət Universitetinin prorektoru Muxtar Nasirov türk dünyasının böyük şəxsiyyətlər yetişdirdiyini və bu şəxsiyyətlərin həyat yolu, qəhrəmanlıqlarını öyrənmək, gənc nəslə təbliğ etməyin vacib olduğunu bildirib. Professor Muxtar Nasirov gənclərimizin milli vətənpərvərlik və qəhrəmanlıq ruhunda yetişdirilməsində bu cür əsərlərin xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Türk xalqının böyük oğlu, özbək xalqının iftixarı, yenilməz sərkərdə Əmir Teymur haqqında azərbaycanlı alimin əsəri barədə danışan M.Nasirov elmi-populyar üslubda yazılmış kitabın həm peşəkar tarixçilər, politoloqlar, jurnalistlər, humanitar fakültələrin tələbələri, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov xalqlarımız arasında dostluq əlaqələri haqqında danışaraq, Türk xalqlarının tarixi şəxsiyyətlərimiz, Əmir Teymur, Cəlaləddin Manguberdi, Zahiraddin Bobur kimi tarixi şəxsiyyətlərimizlə fəxr etməli olduğumuzu bildirib. O, azərbaycanlı müəllifin əsərinin əhəmiyyəti haqqında danışaraq, təqdim edilən bioqrafik eskizlərdə müəllifin Teymur şəxsiyyətinin hərbi və siyasi baxışlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsiyyəti “açmağa” çalışdığını vurğulayıb.

Çıxış edən M.Uluqbek adına Milli Universitetin professor, Özbəkistan Fəlsəfə Cəmiyyətinin rəhbəri Negina Şermuxammadova Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə layihə üçün öz təşəkkürünü bildirərək, nəşrdə ilk dəfə olaraq böyük dövlət xadiminin həyatı və şəxsiyyəti ilə bağlı ayrı-ayrı məqamlar, habelə onun təsəvvüf, fəlsəfə, həndəsə, musiqi, dünya ədəbiyyatı, incəsənət və s. kimi kateqoriyalara istinad etməklə nəzərdən keçirildiyini bildirib. Professor Negina Şermuxammedova əsərin gələcəkdə özbək dilinə tərcümə edilərək çapının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, kitaba yazılmış “Ön söz”ün müəllifi özbək tarixçi-alim Şuxrat Salamovdur.

Çıxış edən digər natiqlər oxuculara təqdim edilən Əmir Teymur haqqında bioqrafik əsərdə müəllif Teymur Atayev böyük şəxsiyyət Əmir Teymurun hərbi və siyasi qərarlarına təsir edən amillərə istinad edərək bu qeyri-adi şəxsin böyüklüyünü, onun qəhrəmanlığını, fərdi keyfiyyətlərini üzə çıxardığını qeyd ediblər.

Sonda çıxış edən müəllif, tarixçi alim Teymur Atayev “Феномен Амира Теймура” kitabının ərsəyə gəlməsi haqqında danışıb, kitabın çapı, təqdimatına görə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə, azərbaycanlı iş adamı Nazim Musazadəyə təşəkkürünü bildirib.

Müəllif özbək və Azərbaycan xalqlarının eyni soykökə, dilə, mədəniyyətə, dinə, tarixə malik güclü xalqlar olduğunu vurğulayaraq, bugünkü beynəlxalq əməkdaşlığın iki ölkənin inkişafına xidmət etdiyini bildirib.

O, xalqlarımızın qəhrəmanlarını, tarixi şəxsiyyətlərimizi daha dərindən öyrənmək, onların irsinin gələcək nəsillərimizə daha geniş çatdırılması və təbliğinin əhəmiyyəti barədə danışıb.

Müəllif əsərdə qeyd edir ki, Əmir Teymurun yaratdığı imperiya öz böyüklüyü, ədalətin hökm sürdüyü bir məmləkət olaraq seçilirdi və elmin, mədəniyyətin paralel olaraq çiçəkləndiyi bu qüdrətli mərkəzləşdirilmiş Turan dövlətini dahi şəxsiyyətdən başqa heç kəs qura bilmədi. O, vurğulayır ki, Teymurun hakimiyyətinin ən mühüm fərqləndirici xüsusiyyəti onun ədaləti idi və hökmdarın planlarında fəth edilmiş xalqlara qarşı “repressiya” və “soyqırımı” ümumiyyətlə yox idi.

Təqdimat mərasiminin sonunda müəllif Teymur Atayevin “Əmir Teymur fenomeni” adlı kitabın imza mərasimi keçirilib və kitabın nüsxələri Səmərqənd Dövlət Universitetinin kitabxanalarına bağışlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.