DÜNYA
İtaliyanın İskya adasındakı torpaq sürüşməsində itkin düşənlərin axtarışları davam edir
Roma, 29 noyabr, AZƏRTAC
İtaliyanın İskya adasında noyabrın 26-da daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində itkin düşən 4 nəfərin axtarışları davam etdirilir.
AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları quruda və dənizdə yanğınsöndürənlər, mülki müdafiə və təhlükəsizlik qüvvələri tərəfindən aparılır.
Adadakı qeyri-qanuni tikinti məsələsi isə ölkə gündəmində qalmaqdadır. Ekologiya və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin qeyri-qanuni tikintiyə icazə verən bələdiyyə sədrlərinin həbs edilməsinin zəruriliyini bildirib. Neapol Baş Prokurorluğu təbii fəlakətlə bağlı araşdırmalara başlayıb.
Mütəxəssislər İtaliyada yaşayış məntəqələrinin 94 faizinin sürüşmə, daşqın və ya sahil eroziyası riski altında olduğunu bildirirlər.
Qeyd edək ki, noyabrın 25-də İskya adasına təxminən 120 millimetr yağıntı düşüb. Bu, son 20 ilin ən güclü yağışı olub. Daşqın nəticəsində baş vermiş torpaq sürüşməsində azı 10 bina dağılıb, 230-dək insan evlərini tərk etmək məcburiyyətində qalıb. Təbii fəlakət nəticəsində 8 nəfər ölüb. Hökumət fəlakətin nəticələrinin aradan qaldırılması üçün 2 milyon avro ayırıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma