REGİONLAR
Şabranda Əhməd Cavadın 130 illiyi qeyd olunub
Şabran, 30 noyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayon Mədəniyyət Mərkəzində istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İstiqlal şairi Əhməd Cavad” adlı tədbirdə çıxış edənlər böyük şairin keşməkeşli həyatı və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, Ə.Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. O, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilib.
Tədbirdə “Şabran” Ədəbi Birliyinin üzvləri yeni yazdıqları şeirlərini təqdim edib. “Şabran” instrumental ansamblının solistlərinin ifasında Ə.Cavadın sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.
“Şabran Xalq Teatrı”nın üzvləri şairin həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən səhnə nümayiş etdirilib.