DÜNYA


Seulda metro işçiləri ixtisarlara etiraz olaraq tətilə başlayıb

Seulda metro işçiləri ixtisarlara etiraz olaraq
tətilə başlayıb

Pekin, 30 noyabr, AZƏRTAC

Cənubi Koreyanın paytaxtı Seulun metro işçiləri qurumda nəzərdə tutulan ixtisarlara etiraz olaraq tətilə başlayıb.

AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, tətil Seul metrosunun işçilərinin təxminən 80 faizini (13 min nəfər) birləşdirən 2 həmkarlar təşkilatı tərəfindən elan edilib. Noyabrın 29-da həmkarlar təşkilatları ilə metro rəhbərliyi arasında Seul metrosunda 2026-cı ilədək 1500 işçinin ixtisarı planına dair aparılmış və nəticəsiz bitən 8 saatlıq danışıqlardan sonra tətilin elan edilməsinə qərar verilib. Bu, metro işçilərinin 2016-cı ildəki tətilindən sonra ilk oxşar aksiyasıdır. Həmkarlar təşkilatları həftənin iş günlərində10 minə yaxın, həftə sonu isə 14 min işçinin tətilə qoşulacağını güman edir.

Cənubi Koreya mediasının məlumatına əsasən, səhər saatlarından başlayan tətil təqaüdə çıxanlar və həmkarlar təşkilatlarına üzv olmayan işçilərdən ibarət ehtiyat qüvvələrin cəlb olunması sayəsində sərnişin daşımalarına ciddi təsir göstərməsə də, bir neçə metro xəttində pik saatlarda normadan çox sıxlıq müşahidə edilib. Pik saatlarda hərəkətdə olan qatarların sayı normal vaxtla müqayisədə 72 faiz təşkil edib. Axşam saatlarında bu rəqəmin 86 faizə çatacağı gözlənilir.

Seul bələdiyyəsi metro işçilərinin tətilinin sərnişin daşımalarına mənfi təsirini azaltmaq üçün pik saatlarda avtobusların sayını artırmağı nəzərdən keçirir.

Qeyd edək ki, hazırda Cənubi Koreyada yük avtomobillərinin sürücüləri də tətil keçirir. Biznes dairələrinin tətilin iqtisadiyyata mənfi təsirini əsas götürərək, artıq 7 gündür davam edən tətilin dayandırılması üçün danışıqlara başlamaq çağırışlarına sürücülərin həmkarlar təşkilatı hələ müsbət cavab verməyib. Minlərlə yük avtomobili sürücüsü hökumətdən bu ilin sonunda başa çatacaq minimum yük dərəcələrini təmin edən müvəqqəti qaydaların uzadılması tələbi ilə noyabrın 24-dən tətilə başlayıb. Koreya Beynəlxalq Ticarət Assosiasiyasının sədr müavini Conq Marn-ki sürücülərin tətilinin qlobal iqtisadi çağırışlar səbəbindən onsuz da çətin günlər yaşayan ölkə iqtisadiyyatına əlavə problemlər yaratdığını deyib. Noyabrın 29-da sürücülərin həmkarlar təşkilatı ilə hökumət qurumlarının nümayəndələri arasında ilk danışıqlar uğursuz olub. Növbəti danışıqlar noyabrın 30-da günortadan sonraya planlaşdırılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.