REGİONLAR


“Azərbaycanda kiberekosistemin formalaşması” mövzusunda müzakirələr aparılır

Bakı, 1 dekabr, AZƏRTAC

Türkiyənin Qazi Universiteti, Azərbaycan Texniki Universiteti (AzTU) və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə təşkilatçılığı ilə “Azərbaycanda kiberekosistemin formalaşması” mövzusunda elmi-praktik konfrans işə başlayıb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, dekabrın 2-dək davam edəcək konfrans 30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunan “İnformasiya təhlükəsizliyi günləri” çərçivəsində keçirilir. Onlayn formatda təşkil edilən konfransda hər üç universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

Konfransın açılışında çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev, MDU-nun rektoru Şahin Bayramov və Qazi Universitetinin prorektoru Ramazan Bayındır universitetlər arasında əməkdaşlığın uğurla davam etdirilməsindən məmnun olduqlarını bildiriblər. Qeyd ediblər ki, tərəfdaş universitetlərin kibertəhlükəsizliklə bağlı elmi tədbirdə ikinci dəfə bir araya gəlməsi və səylərini birləşdirməsi bu sahənin inkişafında əhəmiyyətli irəliləyişlərin əldə olunacağına əminlik yaradır. Bununla yanaşı, açılış nitqlərində konfransın mövzusunun aktuallığından və gələcək tədqiqat istiqamətlərindən bəhs edilib, təşkilatçılara, məruzəçilərə və iştirakçılara minnətdarlıq ifadə olunub.

Sonra, MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi dosent Almaz Əliyevanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. Konfransın ilk günündə “Kibertəhlükəsizliyin əhəmiyyəti”, “Nüfuzetmə testləri”, “Sənaye idarəetmə sistemlərinin informasiya təhlükəsizliyi”, “Kibertəhlükəsizlik üzrə maarifləndirmə”, “Tətbiq olunan Web təhlükəsizliyi”, “Beşinci Sənaye İnqilabı: rəqəmsal texnologiyalar və süni intellekt”, “DATA sızması: təhdidlər və təhlükələr” mövzusunda məruzələr dinlənilib.

Məruzələr ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, Qazi Universiteti, AzTU və MDU arasında üçtərəfli formatda əməkdaşlığın davamlılığına xüsusi önəm verilir. Bu çərçivədə hər üç ali təhsil müəssisəsinin rektorları, akademik və inzibati heyət üzvlərinin müntəzəm görüşləri olub, müxtəlif formatda birgə tədbirlər təşkil edilib və beynəlxalq konfranslarda tərəfdaşlıq həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.