SİYASƏT


İrina Vereşşuk: Təxliyə başlanandan Xersondan 2500-dən çox sakin köçürülüb MÜSAHİBƏ

İrina Vereşşuk: Təxliyə başlanandan Xersondan 2500-dən çox sakin köçürülüb    MÜSAHİBƏ

Kiyev, 1 dekabr, AZƏRTAC

Hazırda işğaldan azad edilmiş ərazilərin sakinlərinə təcili maliyyə yarıdımı göstərilməsi prioritet vəzifədir. Beynəlxalq donorların sayəsində belə sakinlərə birdəfəlik maliyyə yardımı ödənilməsi qaydaya salınıb. 62 minə yaxın vətəndaş təqribən 80 milyon qrivna məbləğində yardım alıb.

Ukraynanın Baş nazirinin müavini, müvəqqəti işğal altında olan ərazilərin reinteqrasiyası məsələləri üzrə nazir İrina Vereşşuk bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

-Ukraynanın Rusiya tərəfindən işğaldan azad edilmiş ərazilərində əhalinin həyati əhəmiyyətli tələbatının təmin edilməsi və bərpa işləri sahəsində vəziyyət necədir?

-Bu günə qədər 360 mindən çox sakinin yaşadığı minə yaxın məntəqə işğaldan azad edilib. Hökumət belə ərazilərin bərpası üzrə hazırlanmış xüsusi planı tətbiq edir. Bu planın əsasını Kiyev və Xarkov vilayətlərinin bərpası zamanı qazandığımız təcrübə təşkil edir. Hazırda işğaldan azad edilmiş Xarkov, Donetsk, Xerson və Nikolayev vilayətlərinin ərazilərində də belə işlər aparılır.

Görüləsi işlər çoxdur - ərazilərin minalardan təmizlənməsindən və elektrik təchizatının bərpasından başlamış, pensiyaların ödənilməsinə və tibbi xidmətin təşkilinə qədər. Əlbəttə, ən birinci məsələ ərazilərin minalardan təmizlənməsidir. Paralel olaraq infrastruktur bərpa edilir. Bu günə qədər 266 yaşayış məntəqəsində rabitə, Xerson da daxil olmaqla 351 yaşayış məntəqəsində elektrik təchizatı, 161 yaşayış məntəqəsində qaz təchizatı, 667 yaşayış məntəqəsində su təchizatı bərpa olunub.

Hökumət beynəlxalq təşkilatlar və könüllülərlə birlikdə humanitar yüklərin - ərzaq, su, dava-dərman və digər ilkin zərurət mallarının çatdırılmasını təmin edir. İşğaldan azad edilmiş ərazilərin 300 minə yaxın sakininə 12 min tondan artıq belə yardım paylanıb.

Biz tibb müəssisələrinin, sosial müdafiə orqanlarının, bankların və poçtun işini mümkün qədər tezliklə bərpa etməyə çalışırıq. Artıq 408 yaşayış məntəqəsində sosial müəssisələr, 17 yaşayış məntəqəsində banklar, 583 yaşayış məntəqəsində “Ukrpoçt”un stasionar bölmələri işləyir. Bu məntəqələrin hər birində tibb müəssisələri və ya tibbi yardım göstərilən məntəqələr fəaliyyətdədir.

Kreml tərəfindən başlanmış enerji müharibəsi şəraitində qarşıdan gələn qışa hazırlıq məsələsinə xüsusi diqqət yetirilir. Hökumət ölkəyə kütləvi şəkildə elektrik generatorları gətirilməsi üzərində işləyir. Belə generatorlar, ilk növbədə, işğaldan azad edilmiş ərazilərə çatdırılacaq. Kənd rayonları üçün odunun pulsuz paylanmasını nəzərdə tutmuşuq.

Bütün Ukraynada, ilk növbədə, işğaldan azad edilmiş ərazilərdə müasir isinmə məntəqələri quraşdırılır. Belə məntəqələrdə eyni vaxtda 50-500 nəfər ola bilər. Məktəb, xəstəxana binalarında, inzibati binalarda, vağzallarda və kommersiya binalarında quraşdırılan belə məntəqələrdə qızınmaq, qadjetlərə enerji doldurmaq və qəlyanaltı etmək üçün şərait var. Hazırda Ukraynada təqribən 4500 belə məntəqə fəaliyyətdədir.

-Ukraynanın hansı regionlarında məcburi təxliyə işləri görülür?

-Bizdə məcburi təxliyə anlayışı yoxdur. Avqust ayında Donetsk vilayətində zəruri təxliyə elan edilmişdi. Bu tədbirin xüsusiyyəti ondan ibarətdir ki, o, dövlət hesabına həyata keçirilir. Belə təxliyədən imtina edənlər bunu yazılı şəkildə təsdiq etməlidirlər.

Hazırda Xersondan və yaxınlıqdakı yaşayış məntəqələrindən təxliyə işləri görülür. Bu, tamamilə könüllü, lakin dövlət tərəfindən maliyyələşdirilən tədbirdir. Əhalinin oradan köçürülməsi zərurəti şəhərin daim atəşə tutulması, habelə elektrik, su və istilik təchizatı problemləri ilə bağlıdır. Əhalinin daha həssas kateqoriyalarının – qocaların, xəstələrin, hərəkət etmək imkanı məhdud olan insanların, uşaqlı qadınların təxliyəsi prioritet sayılır. Biz belə insanları ölkənin mərkəzi və qərb regionlarına köçürməyə çalışırıq. Bu halda əhalinin daşınması, xüsusi yataqxanalarda pulsuz yerləşdirilməsi, qidalanma, humanitar və tibbi yardım göstərilməsi ilə bağlı bütün xərcləri dövlət öz üzərinə götürür. Təxliyə başlanandan bəri 2500-dən çox sakin Xersondan daha təhlükəsiz regionlara köçürülüb.

-Qış aylarında Ukraynada insanların yaşayış şəraitinin normallaşdırılması barədə beynəlxalq tərəfdaşlarla hansı danışıqlar aparılır?

-Rusiya enerji müharibəsi aparır. Onlar qış vaxtı bizim enerji infrastrukturuna sarsıdıcı zərbələr endirməyə çox ümid edirlər. Bizim enerji obyektlərimizin qorunması üçün raketdənmüdafiə sistemləri lazımdır. Bu məsələdə Beynəlxalq tərəfdaşlarımızın köməyinə ehtiyacımız var. Bundan əlavə, zədələnmiş obyektlərin sürətlə bərpa edilməsi üçün enerji avadanlığı tələb olunur. Mülki əhalini qorumaq üçün bizə, ilk növbədə, raketdənmüdafiə sistemləri və enerji avadanlıqları lazımdır.

Təbii ki, beynəlxalq humanitar təşkilatlarla müxtəlif istiqamətlər üzrə fəal iş aparırıq - əhalinin həssas kateqoriyalarına maliyyə dəstəyi, generatorlar, yanacaq, isti paltar, qızınma məntəqələri daxildir.

-Xersonda və Nikolayevdə son vəziyyət barədə nə deyə bilərsiniz?

-Nikolayevdə su ilə bağlı problemlər var, orada bu vəziyyət aylarla davam edir və insanlar uyğunlaşıblar. Kinburn zolağı istisna olmaqla bütün Nikolayev vilayəti işğaldan azad edilib. Şəhəri atəşə tuturlar, vəziyyət gərgindir, lakin bizim tam nəzarətimizdədir.

Xersonda vəziyyət daha mürəkkəbdir. Bu şəhərdə elektrik təchizatı qismən var, lakin işğal dövründə və geri çəkilərkən düşmən şəhərin infrastrukturuna ciddi zərər vurub. İndi bu infrastrukturu bərpa etmək üçün çox səy göstərmək lazım gəlir. Əsas problem ondan ibarətdir ki, şəhər faktiki olaraq cəbhə xəttindədir və sistematik surətdə atəşə məruz qalır. Lakin burada dövlət hakimiyyəti infrastrukturu bərpa edilib, dövlət bankları işə başlayıb, pensiyalar ödənilir.

Əlbəttə, indi Xersona kömək göstərilməsi zəruridir. Hökumət, başqa şəhərlər və vilayətlər, beynəlxalq donorlar, könüllülər bu şəhərə kömək edirlər. Müntəzəm olaraq humanitar yardım gətirilir. Bundan əlavə, Prezident Volodimir Zelenskinin təşəbbüsü ilə Xersonda sarsılmazlıq məntəqələri şəbəkəsi yaradılıb. Xüsusi təchiz olunmuş yerlərdə vətəndaşların qızınması, isti yemək və qaynar içkilər almaq, qadjetləri enerji ilə doldurmaq, peyk internetindən istifadə etmək, sosial işçilərdən və tibb işçilərindən məsləhətlər alması üçün şərait yaradılıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.