SİYASƏT


Politoloq: Rəsmi Paris Ermənistanın müharibə cinayətlərini görməzdən gəlir

Politoloq: Rəsmi Paris Ermənistanın müharibə cinayətlərini görməzdən gəlir

Bakı, 1 dekabr, AZƏRTAC

Fransanın Azərbaycana qarşı təxribatları davam edir. Dünyaya hüquq, beynəlxalq münasibətlər, dövlət quruluşu və digər sahələrdə nəzəriyyələr və dahi şəxsiyyətlər ərməğan etmiş bir ölkənin bu gün bir qrup erməni lobbisinin əlində aciz duruma düşməsi, hakimiyyətdə olanların öz maraqları kontekstində qərarlar qəbul etməsi təəssüf doğurur. Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın dünən qəbul etdiyi qətnamənin heç bir siyasi və hüquqi təsiri yoxdur. Bu, insan hüquqlarının, beynəlxalq hüququn prinsiplərinin kobud pozuntusudur. Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunmasının, Ermənistanın törətdiyi müharibə cinayətlərinin, dinc əhaliyə qarşı soyqırımı və qətliamların, yaşayış yerlərinin, şəhər, rayon və kəndlərin xarabalığa çevrilməsinin, tarixi, dini və mədəni abidələrin məhv edilməsinin görməzdən gəlinməsi və bunun əksinə olaraq, Azərbaycanın təcavüzkar kimi göstərilməsi, əlbəttə, qəbuledilməzdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

Bildirilib ki, belə qərarlar həm də Fransanın özü özünü inkar etməsidir. Fransanın daxil olduğu bir çox beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. BMT-nin Təhlükəsizlik Şurasının 5 üzvündən biri də Fransadır ki, həmin qurumun Azərbaycanın ərazi bütövlüyünün tanınması, işğal edilmiş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasına dair 4 qətnaməsi var. Separatizmi dəstəkləyən qərarlar dünyada beynəlxalq hüquqa olan zəif ümidləri də öldürür və göstərir ki, dünya hüquq müstəvisində yox, maraqlar, təxribat və güc kontekstində idarə olunur.

“Fransanın belə hərəkətləri regionda sülhün yaranmasına yox, münaqişənin davamlı olmasına xidmət edir. Rəsmi Paris Cənubi Qafqazda xoş məqsədlərlə, iqtisadi, mədəni münasibətlərlə deyil, siyasi təxribatla qalmaq istəyir. Minsk qrupunun 30 ilə yaxın həmsədri olmuş, münaqişənin dinc yolla həlli üçün yaddaqalan heç bir təklifi, hərəkəti olmayan ölkənin qeyri-konstruktivliyi nəticəsində məsələ müharibə ilə yekunlaşdı. Torpaqlarımız işğal altında olan dövrdə də biz Fransanın münaqişənin Azərbaycanın xeyrinə həll edilməsində maraqlı olmadığını çox gözəl bilirdik. Sadəcə olaraq, Fransanın Minsk qrupunda həmsədr - vasitəçi olması ilə onun müəyyən qədər bitərəf qalmasını məcbur edirdik. Minsk qrupu “gorbagor” olduqdan sonra Fransa məkrli üzünü çılpaqlığı ilə ortaya çıxardı”, - deyə Y.Hacızadə vurğulayıb.

Diqqətə çatdırılıb ki, belə qərarlar Azərbaycanı haqlı yolundan çəkindirməyəcək. Dövlətimiz müxtəlif vasitələrlə öz maraqlarını qorumaq, təmin edə bilmək imkanlarına malikdir. Ermənistan belə qərarlara uymamalı, yeni sevdalara düşməməlidir. Eyni zamanda, 44 günlük müharibədən, onun nəticələrindən özü üçün böyük dərs çıxarmalıdır. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, belə qərarlara ümid edib arxasında gizlənməklə təxribatlarını davam etdirməməlidir.

“Azərbaycan regionda sülhün yaranmasında, regionun iqtisadi, nəqliyyat imkanlarından birgə istifadə olunmasında maraqlıdır. Ona görə müxtəlif platformalarda Ermənistanla danışıqlara gedir. Amma Ermənistan Fransanın əlində alət olaraq Avropa İttifaqının vasitəçiliyi ilə gedən sülh danışıqlarından yayınır. Əlbəttə, bütün bunlar Ermənistanın sonrakı taleyini müəyyənləşdirəcək. Bütün dünya Azərbaycan Ordusunun qarşısında Ermənistanı belə qərarların müdafiə etmədiyinin 44 günlük müharibədə şahidi oldu”, - deyə Y.Hacızadə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.