HEYDƏR ƏLİYEV - 100


Suriyalı professor: Azərbaycan xalqı şər qüvvələrə Heydər Əliyevin müdrikliyi sayəsində qalib gəldi

Suriyalı professor: Azərbaycan xalqı şər qüvvələrə Heydər Əliyevin müdrikliyi sayəsində qalib gəldi

Qahirə, 1 dekabr, AZƏRTAC

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ermənilərin və onların himayədarlarının təcavüzü ilə üzləşdi və dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti sayəsində azərbaycanlılar bu şər qüvvələrə qalib gəldilər.

Bu fikirləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində suriyalı professor və yazıçı Səid Tuğlu söyləyib. O əlavə edib: “Mən ərəb mətbuatında ilk dəfə Azərbaycanla bağlı analitik məqalə ilə çıxış etdim. Oxucularıma qardaş xalqın tarixi, ortaq dini və mədəni ənənələrimiz, xüsusən, Ermənistanın təcavüzü və işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi vəhşiliklər, o cümlədən İslam abidələrinin və məscidlərin məhv edilməsi barədə ətraflı məlumat verdim. Suriya ziyalıları arasında da Azərbaycan həqiqətlərini təbliğ etməyə davam edirəm. Onlarla söhbətlərimdə vurğulayıram ki, ötən əsrin sonlarında azərbaycanlılar da ağır sınaqlar, məhrumiyyətlər və dövlətin parçalanması təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Bəzi xalqlardan fərqli olaraq, onları bu çətin vəziyyətdən çıxara biləcək dövlət xadimi, lider olub. Bu, dünyanın ən görkəmli siyasət xadimlərindən biri olan Heydər Əliyev idi”.

Suriyalı professor daha sonra qeyd edib: “Heydər Əliyevin səyləri və mətanəti sayəsində Azərbaycan misli görünməmiş tərəqqi yolu keçdi. İqtisadi inkişaf, demokratiya prinsiplərinin bərqərar olması, dünya dövlətləri, o cümlədən İslam aləmi ilə möhkəm əlaqələrin qurulması, iqtisadi tərəqqinin qüdrətli ordu quruculuğu prosesinə inikası öz bəhrəsini verdi. Dahi siyasətçi çox gözəl bilirdi ki, zəif dövlət hər zaman məğlubiyyətə məhkumdur. Uzun illər Azərbaycana rəhbərliyi dövründə qazanılmış böyük təcrübə, eyni zamanda, öz xalqına xidmət etmək amalı onu milli liderə çevirdi. Bu gün haqlı olaraq qeyd edilir ki, İkinci Qarabağ müharibəsində şanlı Zəfər və ərazilərin işğaldan azad edilməsi həmin siyasi təcrübənin və xalqa olan sevginin məntiqi nəticəsi oldu. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti və müdrik dövlət xadiminin gələcək nəsillərin də rifaha, tərəqqiyə qovuşmasını təmin edəcək siyasi və dövlətçilik irsi var”.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.