MƏDƏNİYYƏT


Tbilisidə keçirilən qış xeyriyyə yarmarkasında ölkəmiz də iştirak edib

Tbilisi, 3 dekabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Qış xeyriyyə yarmarkası” keçirilib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanın Beynəlxalq Qadınlar Assosiasiyasının təşkil etdiyi sərgi-satış yarmarkasında Azərbaycanın bu ölkədəki səfirliyi də iştirak edib.

Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə yaradılan guşədə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Alyans “Gənclər Mərkəzi”, Marneulidəki “Çay evi” milli suvenirlər, rəsm əsərləri, xalçalar, Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlər tərəfindən "Made in Azerbaijan” brendli çay, qida və qənnadı məmulatları təqdim olunub.

Azərbaycan guşəsini Gürcüstan rəsmiləri ilə yanaşı Türkiyə, Belarus, Qazaxıstan, Bolqarıstan, Çin, ABŞ, Fransa, Slovakiya, Braziliya və digər ölkələrin səfirliklərinin əməkdaşları ziyarət ediblər. Onların bir çoxu xalça, araqçın papaq, corab və digər suvenirlər alıblar.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov guşəni ziyarət edənlərə milli sərvətlərimiz, mədəniyyət, incəsənət və mətbəx nümunələrimiz barədə ətraflı məlumat verib.

Yarmarka çərçivəsində xarici ölkələrin milli mətbəxləri pavilyonunda qurulmuş çadırda isə qonaqlara samovar çayı, Azərbaycanın milli mətbəx nümunələri – plov, dolma, kabab, qutab, paxlava, şəkərbura, badambura, şorqoğalı və digər şirniyyat nümunələri təqdim edilib.

Yarmarkanı ziyarət edənlər Azərbaycan mətbəxinin ləziz təamlarından dadıblar.

Azərbaycanın rəngarəng, geniş və zəngin guşəsi yarmarkaya gələn ziyarətçilərin böyük marağına səbəb olub.

Qeyd edək ki, yarmarkada 30-a yaxın ölkə və beynəlxalq təşkilatların nümayəndəlikləri iştirak ediblər. Hər bir iştirakçı ölkə və təşkilat ayrıca guşə ilə təmsil olunub.

Xeyriyyə yarmarkasında satışdan əldə edilən vəsait ehtiyacı olan uşaq, qadın və yaşlılar üçün həyata keçiriləcək layihələrə sərf olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.