CƏMİYYƏT


“ASAN xidmət” modeli BMT-nin regional simpoziumunda təqdim edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Koreya Respublikasının İnçeon şəhərində “Dayanıqlı İnkişaf üçün 2030 Gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsi və qlobal çağırışların həlli üçün effektiv idarəetmə və rəqəmsal transformasiya” mövzusunda regional simpoziumda iştirak edib.

Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbir BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA) və Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Dövlət Agentliyinin nümayəndəsi "Qlobal çağırışların həlli üçün innovasiyaların təşviqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi" sessiyası çərçivəsində “Effektiv və inklüziv dövlət xidmətlərinin göstərilməsi üçün inteqrasiya edilmiş Rəqəmsal Hökumət Platformasının qurulması” mövzusunda çıxışçı qismində iştirak edib. Dövlət xidmətlərinə şəffaf, səmərəli və bərabər çıxışın təmin edilməsi, vətəndaş məmnunluğuna nail olunması istiqamətində ölkəmizdə görülən işlər, eyni zamanda, “ASAN xidmət” konsepsiyası ilə bağlı geniş təqdimat edilib. Həmçinin “ASAN xidmət” modelinin xarici ölkələrdə tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı BMT və bir sıra beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının rəhbərləri çıxış edib.

“Effektiv İdarəetmə və Rəqəmsal Transformasiya” üzrə regional simpozium UNDESA-nın hər il keçirilən ən mühüm tədbiridir. Tədbir xidmətlərin əlçatanlılığı haqqında məlumatlılığı artırmaq, cari və gələcək tendensiyaları araşdırmaq və BMT-nin üzv dövlətlərinə 2030-cu ilədək Davamlı İnkişaf Gündəliyinə nail olmaq istiqamətində öz bacarıqlarını inkişaf etdirməkdə dəstək olmaq üçün yeni yanaşmalar və metodologiyaları təqdim etmək məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.