ELM VƏ TƏHSİL
Şamaxı rəsədxanasının əməkdaşları Estoniyada araşdırma aparıblar
Bakı, 6 dekabr, AZƏRTAC
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları - Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri dosent Canməmməd Rüstəmov, elmi işçilər Aynurə Həsənova və Şəbnəm Ağayeva Estoniyanın Tartu Rəsədxanasında uzunmüddətli elmi ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, azərbaycanlı alimlər IRAF proqram paketi ilə spektrləri işləməyi mənimsəmək məqsədilə kurslara cəlb olunublar. Həmçinin ŞAR-ın 2 metrlik teleskopunda alınmış spektrlərin Tartu Rəsədxanasının əməkdaşları ilə birgə işlənilməsi, alınmış nəticələrin interpretasiyası və sonda elmi məqalələrin çap etdirilməsi istiqamətində işlər aparılıb. Onlar, həmçinin Tartu Rəsədxanasının elmi seminarında məruzə ilə çıxış ediblər.
Növbəti illərdə Tartu Rəsədxanasının əməkdaşları ilə birgə aparılacaq elmi işlər müzakirə edilib. Gələn ildən etibarən həm də Tartu Rəsədxanası əməkdaşlarının ŞAR-a elmi ezamiyyətləri nəzərdə tutulur.