CƏMİYYƏT


Vətən müharibəsi şəhidi Ülvi Hacıyevin məzarı gül-çiçəyə qərq olub

Bakı, 6 dekabr, AZƏRTAC

Onun taleyinə cəmi 26 il yaşamaq düşüb. Cəmi 26 il...

Orta məktəbi bitirəndən sonra ömrünün 4 ilini bakalavr, 2 ilini magistr təhsilinə, bir ilini hərbi xidmətə, bir ilini də gömrük orqanlarında işləməyə sərf edib. Əbədiyyət ömrünün başlamasından isə 2 il 2 aya yaxın vaxt keçir...

AZƏRTAC xəbər verir ki, bütün bunlar İkinci Şəhidlər xiyabanında Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan xidmət leytenantı Ülvi Hacıyevin anım mərasimində xatırlanıb. Mərasim Müdafiə Nazirliyinin hərbi orkestrinin ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Müdafiə Nazirliyinin rəsmi şəxsləri və hərbi qulluqçular, Gömrük Komitəsinin əməkdaşları şəhidin məzarı üzərinə əklillər və gül-çiçək dəstələri qoyublar.

Axın-axın, dəstə-dəstə şəhidin ziyarətinə gələnlər onun məzarı üstünə təzə-tər gül-çiçək dəstələri qoyub, ailə üzvlərinə başsağlığı veriblər.

Ülvi təhsilini bitirdikdən sonra əvvəlcə Dövlət Gömrük Komitəsinin Qırmızı-Körpü Gömrük Postunda inspektor vəzifəsində çalışıb, sonra iş yerini Bakıya dəyişiblər. 2020-ci il sentyabrın 28-də isə ona çağırış vərəqəsi gəlib. Anası Həmidə Qurbanova xatırlayır: “Çağırış vərəqəsi gələndə dedi ki, mane olmağa çalışmayın, bu, mənim arzumdur. Onu cəbhəyə yola saldıq. Cəbhəyə yola düşəndən sonra hərdənbir zəng edir, nikbinliklə danışır, irəli getdiklərini, işğal altında olan torpaqların azad edildiyini deyirdi. Oktyabrın 15-də ondan sonuncu dəfə zəng gəldi. Müharibə vaxtı onun xidmət etdiyi hərbi hissədə bir video çəkmişdilər. Ülvi orada “istiqamət Şuşayadır” deyə səslənmişdi. Lakin Şuşaya yetişmək balama qismət olmadı. Sən demə, şəhərə 10 kilometr qalmış şəhid olub”.

Həmidə xanım çətinliklə olsa da, davam edir: “Ondan soraq çıxmadığını görüb axtarışlara başladıq. Övlad yoxluğuna necə inanmaq olar? Özü də Ülvi kimi oğul! Çox ağır günlər idi. Hər günü, hər saatı ümidlə yaşayır, özümü onun sağ olmasına inandırmağa çalışırdım...

İki ildən artıqdır ki, Ülvi həyatda yoxdur. Amma bir an da olsun onu unuda bilmirəm. Onu həmişə yanımda hiss edirəm və həmişə də belə olacaq”.

Ülvinin qardaşı Nicat Hacıyev deyib: “Elə bil ürəyinə dammışdı, onu cəbhəyə yola salanda mənə “haqqını halal elə” dedi. Döyüş əməliyyatlarına Füzulidən başladı və hər dəfə mənə deyirdi ki, ağır döyüşlər getdiyini evdəkilərə demə. Hətta bir dəfə “şəhid olsam, adıma bulaq və ya küçə verilər”, - demişdi. Yenə də bunu ciddi qəbul etmədim. Amma oktyabrın 16-da gecə pis yuxu gördüm və səhər tezdən onun təsiri altında oyandım. Nicatdan xəbər çıxmadığını görüb narahat olmağa başladıq. Atam cəbhə bölgəsinə üz tutdu. Bu hadisədən xeyli sonra onun şəhid olduğunu ilk dəfə atama demişdilər. Ancaq necə inanasan? Həmin vaxtlar mən də koronavirusa yoluxduğumdan Ülvinin haqq dərgahına qovuşduğunu mənə gec bildirdilər”.

Anım mərasiminin iştirakçıları məzardan uzaqlaşsalar da, Ülvinin anası Həmidə xanım ayrılmaq istəmir. O, oğlunun boylandığı mərmər başdaşını qucaqlayaraq öpür. Ana nəfəsi sanki soyuq məzar daşına da hərarət gətirir...

Fasilələrlə ala-çalpov qar yağır, qohumlar, Hacıyevlər ailəsinin yaxınları, dostları, iş və döyüş yoldaşları, gənclər, onu tanıyanlar və tanımayanlar şəhidin məzarı üstünü gül-çiçək yağışına qərq edirlər. Mərasim başa çatanda Ülvi Hacıyevin məzarı al-əlvan gül-çiçəklərin çoxluğundan görünməz olmuşdu...

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Ülvi Hacıyevin şərəfinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.