23 APREL - UŞAQ BAYRAMI GÜNÜ ATATÜRKÜN BÜTÜN DÜNYA UŞAQLARINA HƏDİYYƏSİDİR
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 23-də Gəncliyə Yardım Fondunda 149 nömrəli Ağdam köçkün orta məktəbi ilə birgə təşkil edilmiş və 23 aprel - Uşaq Bayramı gününə həsr olunmuş tədbirdə səslənmişdir.
Fondun prezidenti Əhməd Tecim, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Selahettin Dikmen əlamətdar günün tarixindən, əhəmiyyətindən danışmışlar. Bildirilmişdir ki, Atatürkün başçılığı ilə Qərb dövlətlərinin işğalından azad olan Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin ilk toplantısı keçirilmişdir. Bu münasibətlə 23 aprel Milli Müstəqillik və Uşaq Bayramı günü kimi qeyd olunmuşdur.
Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözlərini xatırladan natiqlər dili, dini, əqidəsi bir olan iki xalqın qırılmaz dostluq münasibətlərindən danışmışlar. Onlar bildirmişlər ki, Atatürk bu bayramı təkcə türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etmişdir.
Tədbirdə çıxış edən 149 nömrəli Ağdam köçkün orta məktəbinin direktoru Arzu Qədirova, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov əlamətdar günün mahiyyətindən, ölkəmizdə uşaqlara, gənclərə, təhsilə göstərilən dövlət qayğısından danışmışlar.
Sonda məktəblilər ədəbi-bədii kompozisiya ilə çıxış etmişlər.